Tərtərli fermer: Ağaclar budandıqda cavanlaşır, məhsuldarlığı artır FOTO VİDEO
Tərtər, 7 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər rayonunda əhalinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilikdir. Son illərdə aqrar sektorun digər sahələri ilə yanaşı, bu istiqamətdə də inkişafa nail olunub. Hazırda bağlarda qış qulluq işləri gedir, ağacların budanması həyata keçirilir. Bağ sahibləri bu prosesin məhsuldarlıq üçün olduqca vacib olduğunu deyirlər.
Rayonun Soyulan kənd sakini Nofəl Nəsirov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bol məhsul əldə etmək üçün bağa ilboyu qulluq etmək lazımdır. Qış mövsümündə ağacların boy, inkişaf və məhsuldarlığını tənzimləmək məqsədilə budama işləri görülür. Ağaclar budandıqda cavanlaşır, məhsuldarlığı artır. Budanmış ağacın meyvələri də sağlam və iri olur. Budama işləri noyabrdan mart ayının birinci ongünlüyünə qədər davam edir.
Fermer deyib ki, rayonun iqlimi və münbit torpaqları intensiv bağçılığın inkişafı üçün əlverişlidir. Bunu nəzərə alaraq, 2010-cu ildən meyvə bağı salmağa başlayıb. 30 hektar bağçılıq təsərrüfatının 20 hektarı xurma, qalanı isə alma, armud, alça, gavalı və digər meyvə ağaclarından ibarətdir. Xurma bağının 8 hektarı barverəndir. Xurma ağacının məhsuldarlığı və xəstəliklərə davamlı olması, ən əsası isə satış bazarının mövcudluğu bu sahəyə marağını daha da artırıb. Xurma ağacının hər birindən orta hesabla 200 kiloqram, hektardan isə 15 ton məhsul yığılır. Məhsullar soyutma anbarlarında saxlanılır və qış aylarında, əsasən, Rusiyaya ixrac olunur. Bu il 10 hektar sahədə İspaniyadan gətirilmiş yeni sort xurma tinglərinin əkilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Tərtər rayonunda 1481,9 hektar meyvə bağları və 11,6 hektar üzümlüklər var. 2019-cu ildə 84 hektar sahədə yeni meyvə bağları və giləmeyvəliklər salınıb, 1 milyon 678 min 510 ədəd meyvə və 225 min 800 ədəd dekorativ bitki tingləri yetişdirilib. Rayon ərazisindəki bağlardan 10 min 530,1 ton meyvə və giləmeyvə, 1051,5 ton üzüm yığılıb.