Tərtərlilər Vətən müharibəsi zamanı ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq göstəriblər
Tərtər, 6 noyabr, AZƏRTAC
Vətən müharibəsində Ermənistan silahlı birləşmələri beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq, Tərtər şəhəri də daxil olmaqla rayonun 40 yaşayış məntəqəsinə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Ancaq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər verilsə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə 8 Noyabr - Zəfər Günü münasibətilə Tərtərdə keçirilən “Zəfərə aparan yol” adlı tədbirdə məlumat verilib.
Tərtər Rayon İcra Hakimiyyətinin və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin birgə təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə iştirakçıları təbrik edib. Ötən il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan ordusunun qazandığı şanlı qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib.
Tərtər Rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri Vidadi Məmmədov, şəhid atası Vaqif Əliyev çıxış edərək Vətən müharibəsindən, Azərbaycan ordusunun uğurlu əks-həmlə əməliyyatlarından danışıb, Vətənə layiqli oğullar yetirdiklərinə görə şəhid ailələrinə minnətdarlıqlarını ifadə ediblər. Bildirilib ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.
Sonda şəhidlərin ailə üzvlərinə, qazilərə, Qarabağ müharibəsi veteranlarına, 44 günlük Vətən müharibəsində arxa cəbhədə xidmətləri olan şəxslərə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən medallar və fəxri fərmanlar təqdim edilib, məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.