TEYMUR RƏCƏBOV YUNİSEF-İN XOŞMƏRAMLI SƏFİRİDİR
YUNİSEF-in Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, o, bu yeni rolunda ölkədə yod çatışmazlığı probleminin aradan qaldırılmasının və duzun universal yodlaşdırılmasının təbliği ilə məşğul olacaqdır.
Yod çatışmazlığı bütün dünyada uşaqlarda fiziki və əqli inkişafın zəifliyinə, zob xəstəliyinə gətirib çıxaran səbəblərdəndir.
Azərbaycan yod çatışmazlığı ilə bağlı xəstəliklərin aradan qaldırılması istiqamətində mühüm irəliləyiş əldə etmişdir. 2003-cü ildə Duzun universal yodlaşdırılması haqqında qanun qəbul edilmiş, ölkə 2007-ci ilin sonuna qədər bu problemi aradan qaldırmağı öhdəsinə götürmüşdür.
YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Hana Singer deyir ki, Azərbaycanda uşaq və gənclərin sağlamlığının yaxşılaşdırılması işində Teymurun bizə qoşulmasından çox məmnunuq. Mən inanıram ki, öz bacarığını və vaxtını sərf edib gənclər üçün nümunə rolu oynayacaq və fəal təbliğatçı olacaqdır.
YUNİSEF-in xoşməramlı səfirləri dünya miqyasında tanınmış, uşaqların ictimaiyyət tərəfindən dəstəklənməsinə nail olmağa qadir şəxslərdir. Teymur illərlə YUNİSEF-i təmsil edən, kino, musiqi, idman və ədəbiyyat sahəsinin 200-dən çox ulduzu sırasına (Suzan Sarandon, Roger Mur, Nikol Kidman, Robi Uilyams, Sara Cessika Parker, Diana Ros, İzabella Rosselini, Fil Kolins, Mia Farou və b.) daxil olmuşdur.