Tibb Universitetində 20 Yanvar şəhidləri ilə bağlı silsilə tədbirlər davam edir
Bakı, 17 yanvar, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Əsaslı Kitabxanasında 20 Yanvar şəhidlərinin anım günü qeyd olunub.
ATU-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən universitetin elmi işlər üzrə prorektoru Rauf Bəylərov 20 Yanvar faciəsi ilə bağlı respublikada silsilə tədbirlərin keçirildiyini qeyd edib. Prorektor həmin günlərdə Azərbaycanın müstəqillik uğrunda mübarizə apardığını vurğulayıb: “Doğrudur, 1990-cı ildə mən Azərbaycanda olmamışam. O zaman Moskvada idim. Orada təhsil alan və işləyən həmyerlilərimizlə birgə faciəni törədənlərə qarşı etiraz səsimizi ucaltdıq. Faciə baş verən günün səhəri öz yaxınları ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev öz çıxışında törədilən qırğını pislədi və buna imza atanlara qəti narazılığını bildirərək Moskva rəhbərliyini sərt tənqid etdi. O, öz cəsarətli çıxışı və mövqeyi ilə Azərbaycan xalıqını öz ətrafında birləşdirdi”.
Universitetin Əsaslı Kitabxanasının direktoru Ziyafət Eminova da öz çıxışında qanlı hadisə baş verən gecə sovet qoşunlarının heç bir xəbərdarlıq etmədən ağır və zirehli texnika ilə dinc əhalinin üzərinə hücum etdiyini vurğulayıb: “Nəticədə 147 nəfər dinc əhali qətlə yetirilib, 744 nəfər ağır yaralanıb, xeyli sayda vətəndaş itkin düşüb, 847 nəfər həbs olunub və həbsxanalarda işgəncələrə məruz qalıblar. Təəssüf hissi ilə bildirmək lazımdır ki, bu faciəyə dünya ictimaiyyəti hələ də biganə yanaşır”.
Digər çıxış edənlər 20 Yanvar faciəsini bir daha xatırlayıblar. Bildirilib ki, Moskva rəhbərliyi ölkəmizdə düşmən təxribatlarına cavab olaraq başladılan milli azadlıq hərəkatını boğmaq məqsədilə belə bir qanlı hadisə törədib. 20 Yanvarı ağır gün adlandıran çıxışçılar, bu günü eyni zamanda tariximizin şərəfli səhifələrindən olduğunu vurğulayıblar. Natiqlər xalqımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin heç zaman unudulmayacağını, onların xatirəsini hər zaman qəlblərdə yaşayacağını bildiriblər.