İQTİSADİYYAT
TİKİLMƏKDƏ OLAN YARDIMÇI STANSİYA ÜÇÜN YENİ TRANSFORMATOR GƏTİRİLMİŞDİR
Tikilməkdə olan 110/10 kilovoltluq “Terminal” yardımçı stansiyası üçün 40 MVt-luq yeni transformator gətirilmişdir.
“Azərenerji”nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, transformator SC-nin bu layihə üzrə tərəfdaşı olan “Siemens” şirkətinin Türkiyədəki zavodundan gətirilmişdir və yaxın günlərdə mütəxəssislər transformatorun quraşdırılmasına, habelə yardımçı stansiyanın istismara verilməsi üçün hazırlıq işlərinə başlayacaqlar.
“Azərenerji”nin mütəxəssisləri, eyni zamanda, terminalı enerji ilə təmin edəcək 220 kilovoltluq “Səngəçal” yardımçı stansiyasının genişləndirilməsini davam etdirirlər. Burada quraşdırılmış yeni transformatora hazırda ötürücü xətlər və müdafiə sistemi birləşdirilir, digər hazırlıq tədbirləri görülür. Yaxın vaxtlarda yoxlama buraxılışının olacağı gözlənilir.