Tokio məhkəməsi Karlos Qonu girov müqabilində azad etməkdən imtina edib
Tokio, 15 yanvar, AZƏRTAC
Yanvarın 15-də Tokio dairə məhkəməsi “Renault” - “Nissan” - “Mitsubishi” avtomobil alyansının sabiq rəhbəri Karlos Qonun vəkillərinin petisiyasını növbəti dəfə rədd edib.
AZƏRTAC NHK telekanalının yaydığı məlumata istinadla xəbər verir ki, məhkəmə K.Qonun azadlığa çıxacağı təqdirdə şahidlərə təsir göstərəcəyini və ya xaricə qaçacağını əsas gətirib.
Xatırladaq ki, K.Qon və onun yaxın köməkçisi Q.Kelli noyabrın 19-da bütün gəlirlərin bəyan edilməməsi ittihamı ilə həbs olunublar. 2010-2015-ci illərdə bəyannamədən gizlədilən məbləğin ümumilikdə 10 milyard yen (təqribən 89 milyon dollar) olduğu bildirilir. Buna görə ona qarşı artıq ittiham irəli sürülüb.
Dekabrın 10-da onlar təkrar həbs ediliblər. Bu dəfə onlar 4,2 milyard yen (təqribən 37 milyon dollar) məbləğində vəsaiti bəyannamədən yayındırmaqda şübhəli biliniblər. Bununla yanaşı, dekabrın 25-də Q.Kelli 70 milyon yen (təqribən 636 min dollar) girov müqabilində azadlığa buraxılıb.
Həmin ayın sonlarında təkrar həbs edilən K.Qona qarşı öz şəxsi investisiyaları nəticəsində dəyən zərərin şirkətin hesabına ödənməsi ittihamı əsas götürülüb. Dəyən zərərin 1,85 milyard yen (təqribən 16,5 milyon dollar) təşkil etdiyi bildirilib. Prokurorluq K.Qonun bu əməliyyatı Səudiyyə Ərəbistanından olan biznesmen vasitəsilə həyata keçirməsindən şübhələnir.
K.Qon israr edir ki, “Nissan” şirkəti həmin əməliyyat nəticəsində heç bir zərər çəkməyib. Qeyd olunur ki, həmin əməliyyat zamanı K.Qon ərəb biznesmenin hesabına ümumi məbləği 14,7 milyon dollar olan dörd köçürmə edib. K.Qon bu ittihamların hamısını rədd edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio