Topaz Premyer Liqasının ikinci turundakı qarşılaşmaların hakimləri müəyyənləşib
Bakı, 14 avqust, AZƏRTAC
Topaz Premyer Liqasının üç gün ərzində keçiriləcək ikinci turunun oyunlarının hakim təyinatları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, avqustun 15-də “Bayıl Arena”da keçiriləcək “Rəvan” - “Qarabağ” görüşünün baş hakimi Ramil Diniyev olacaq. Ona Vüqar Bayramov, Vaqif Musayev və Xəlil Xəlilov kömək edəcəklər.
Həmin gün “Dalğa Arena”da keçiriləcək “AZAL” - “Qəbələ” qarşılaşmasının əsas referisi Fariz Yusifov təyin olunub. Oyunda köməkçi hakim funksiyasını Elman Musayev, İsgəndər Əliyev və Ziya Nəsirov yerinə yetirəcəklər.
Avqustun 16-da “Kapital Bank Arena”da oynanılacaq “Sumqayıt” - “Xəzər Lənkəran” matçını baş hakim Elvin Əsgərov idarə edəcək. Ona bu işdə Rahil Ramazanov, Kamran Bayramov və Etibar Həsənov kömək göstərəcəklər.
Eyni gün Gəncə şəhər stadionunda “Kəpəz” kollektivi “Zirə”ni qəbul edəcək. Görüşdə baş hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək. Köməkçi hakimlər Namiq Hüseynov, Coşqun Həsənov və Rəvan Həmzəzadə olacaq.
Avqustun 17-də “İnter Arena”da keçiriləcək turun sonuncu qarşılaşmasında “İnter” və “Neftçi” komandaları üz-üzə gələcək. Bakı klublarının derbisini baş hakim Orxan Məmmədov idarə edəcək. Bu oyuna köməkçi hakimlər Yaşar Abbasov, Mehman Mahmudov və Ömər Paşayev təyin olunublar.
Saat 18:30-da oynanılacaq “Kəpəz” - “Zirə” matçından başqa, digər bütün oyunlar 21:00-da başlanacaq.