Torpaqların şoranlaşmasının qarşısı alınır
Salyan, 8 may, Mahir Babayev, AZƏRTAC
Salyanda torpaqların təkrar şoranlaşmasının qarşısını almaq məqsədilə kompleks meliorativ tədbirlər görülür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə mövcud kollektor-drenaj təsərrüfatlarında əsaslı təmir-bərpa işləri görülməklə yanaşı, yeni drenaj şəbəkələrinin qurulması işləri də aparılır. Salyanda bu sahə ilə üç müəssisə məşğul olur. Onlardan biri Aşağı Muğan Meliorativ Sistemləri İstismarı İdarəsidir. İdarə Salyan, Sabirabad və Neftçala rayonlarında 132 min 500 hektar sahəyə xidmət edir. Əkin sahələrinin münbitliyini artırmaq üçün 24 meliorativ nasos stansiyası fəaliyyət göstərir ki, bunun da 8-i Salyan rayonundadır. Həmin nasos aqreqatları vasitəsilə minerallaşdırılmış qrunt suları şor kanallara vurulur. Görülmüş tədbirlər nəticəsində qrunt sularının minerallıq dərəcəsi 9,7 qram litrdən 5,4 qram litrə qədər aşağı düşüb.
İdarənin baş mühəndisi Zalış Bünyadov bildirib ki, bu ilin əvvəlindən 56 kilometr uzunluğunda lildəntəmizləmə işləri həyata keçirilib və rayondakı 8 nasos stansiyası vasitəsilə bu günə kimi 75 milyon kubmetr qrunt suları dənizə axıdılıb. Bu isə 540 ton duzun əkin sahələrindən kənarlaşması deməkdir.
Mühəndisin sözlərinə görə, torpaqlarda olan duzluluğun dərəcəsini aşağı salmaqla qalıq sularının səviyyəsini 2 metrə qədər endirmək üçün 5 kəndin ərazisindən keçən 200 kilometr drenaj xətti dərinləşdirilib.
Qeyd edək ki, idarə tərəfindən bu ilin əvvəlindən indiyə kimi Salyan, Neftçala və Sabirabad rayonları ərazisindən 285 milyon kubmetr qrunt suyu dənizə axıdılıb.