İQTİSADİYYAT
“Total” İrandakı 4,2 milyard avroluq təbii qaz layihəsinin icrasını dayandırıb
Bakı, 17 may, AZƏRTAC
Fransanın neft-qaz nəhəngi “Total” şirkəti İrandakı 4,2 milyard avroluq təbii qaz layihəsinin icrasını dayandırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bildirilir ki, ABŞ-ın İranın nüvə proqramı üzrə sazişdən çıxması və bu ölkəyə qarşı yenidən sanksiyalar tətbiq edəcəyi ilə bağlı qərarından ötrü “Total” İrandakı “Cənubi Pars” qaz yatağının 11-ci fazasının inkişaf etdirilməsi layihəsini davam etdirə bilməyəcək.
Qeyd edək ki, 2016-cı ilin noyabrında İranın Neft Nazirliyi “Cənubi Pars” qaz yatağının 11-ci fazasının inkişaf etdirilməsi barədə “Total” şirkəti ilə razılığa gəlmişdi. Bu, İran və Qərb ölkələri arasında həyata keçirilən nüvə razılaşması ilə Tehran hakimiyyətinə tətbiq edilən iqtisadi sanksiyaların azaldılmasından sonra bağlanan ilk müqavilə idi.
“Total” şirkəti 2012-ci ildə də Fransanın İrana tətbiq olunan iqtisadi sanksiyalarda iştirak etməsindən sonra bu ölkədəki fəaliyyətini dayandırmışdı.