Tovuzda tütünqurutma məntəqəsi tikilir
Tovuz, 9 iyun, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyevin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nda Tovuz rayonunda tütünqurutma məntəqəsinin inşası nəzərdə tutulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayonda 50 hektar sahədə tütün əkilib və hazırda tütün plantasiyalarında becərmə işləri davam etdirilir. Yetişdirilmiş tütün məhsulu rayonda qurudularaq tütün fermentasiya fabriklərinə göndəriləcək.
Tarixən tütünçülük sahəsində zəngin ənənələri və təcrübəsi olan Tovuzda yığılan yaş tütün yarpağı əvvəllər digər bölgələrə aparılıb təhvil verilərkən, nəqliyyat xərcləri çox olduğundan iqtisadi səmərəsi az olurdu. İndi yaş tütün yarpağı bilavasitə yerlərdə təhvil götürüləcək və rayonda “Tovuz Aqro Sənaye” MMC-nin nəzdində yaradılacaq tütünqurutma məntəqəsində yarımfabrikat şəklinə salınacaq.
Hazırda tütünqurutma məntəqəsinin tikintisi sürətlə davam edir. Tam avtomatlaşdırılacaq məntəqə üçün 10 ədəd termopilin avadanlığı Serbiyadan alınaraq gətirilib. Müəssisə işə düşdükdən sonra 30 nəfər daimi işlə təmin olunacaq.
Gələn mövsümdən Tovuzla yanaşı, ətraf bölgələrin fermerlərinin ehtiyaclarını da qarşılamaq üçün avadanlıqların sayını 50-yə çatdırmaq nəzərdə tutulur.