DÜNYA
Tramp KXDR-in ABŞ-la sammit barədə bəyanatını “yaxşı xəbər” adlandırıb
Bakı, 25 may, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp KXDR-in ABŞ-la istənilən vaxt və istənilən formatda sammit keçirməyə hazır olması ilə bağlı bəyanatını “yaxşı xəbər” adlandırıb.
AZƏRTAC bu barədə TASS informasiya agentliyinə istinadla xəbər verir.
Dünən Donald Tramp Sinqapurda sammit keçirməkdən imtina etdiyi barədə Şimali Koreya lideri Kim Çen Ina məktub göndərmişdi. Amerika lideri KXDR-in bəyanatda nümayiş etdirdiyi böyük qəzəb və açıq düşmənçiliyi əsas gətirərək, çoxdan planlaşdırılan görüşün keçirilməsini məqsədə uyğun hesab etmədiyini vurğulamışdı.
Bunun ardından Şimali Koreyanın xarici işlər nazirinin müavini Kim Ke Qvan KXDR-in ABŞ-la istənilən vaxt və istənilən formatda sammit keçirməyə hazır olduğuna dair bəyanat vermişdi.
Xatırladaq ki, ötən həftə Vaşinqton və Seulun müştərək hərbi təlimləri səbəbindən KXDR-in gözlənilən görüşü ləğv edə biləcəyi barədə məlumat yayılsa da, ABŞ prezidenti tərəflərin sammitə hazırlıqlarını davam etdirdiyini bildirmişdi.