Tranzit Nəqliyyat Koordinasiya Şurasının Gömrük Tranzit Komitəsinin iclası olub


Bakı,19 iyul, AZƏRTAC
İyulun 19-da Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Tranzit Nəqliyyat Koordinasiya Şurasının Gömrük Tranzit Komitəsinin 8-ci iclası keçirilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız, Türkmənistan, Pakistan, Tacikistan və İran gömrük xidmətlərinin nümayəndələri iştirak ediblər.
Tədbirin açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, İƏT-in Baş katibinin müavini Sayed Mohsen Esperi regional tranzitin inkişafı, yükdaşımaların həcminin artırılmasının əhəmiyyətindən, bu istiqamətdə əməkdaşlığın gücləndirilməsinin vacibliyindən bəhs ediblər.
O da vurğulanıb ki, tranzit əməliyyatlar rəqəmsallaşdırılmalı, gömrük prosedurları sadələşdirilməklə gömrük nəzarəti və sərhədkeçmə proseslərinə sərf olunan vaxt minimuma endirilməlidir.
Daha sonra İƏT-in Tranzit Nəqliyyat Koordinasiya Şurasının Gömrük Tranzit Komitəsinin 7-ci iclasından sonra görülən işlərlə bağlı nümayəndə heyətlərinin çıxışları dinlənilib.
Həmçinin iclasda gömrük sahəsində görülən işlər - tranzit daşımaların sürətləndirilməsi, eTİR layihəsinin tətbiqinin genişləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, dövlət - özəl sektor əməkdaşlığının genişləndirilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb.