Treninqlər dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlığının artırılmasına kömək edir
Bakı, 28 yanvar, AZƏRTAC
Parlament seçkiləri ilə əlaqədar maarifləndirici treninqlər 13 saylı Xəzər-Pirallahı seçki dairəsi dairə seçki komissiyasında da təşkil olunub.
AZƏRTAC xəbər verir ki, treninqlərdə plana uyğun olaraq, məntəqə seçki komissiyasının sədrləri və üzvləri iştirak edirlər.
Bundan başqa, yaradılan müvəqqəti məntəqələrin, eləcə də seçki dairəsinin ərazisində məskunlaşan məcburi köçkünlərin daxil olduğu məntəqə seçki komissiyalarının sədrləri və üzvləri də treninqlərə cəlb olunublar.
Mərkəzi Seçki Komissiyasının təlimatı və tövsiyəsi əsasında təşkil edilən treninqlərdə dairə seçki komissiyasının sədri Mütəllim Balaqardaşov bildirib ki, 13 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə 37 seçki məntəqəsi var. Bu məntəqələrdə 44 min 996 seçici qeydə alınıb. Həmçinin bu seçkilərdə 58 gənc ilk dəfə seçkilərdə iştirak edəcək. Mərkəzi Seçki Komissiyasının müvafiq təlimatlarına uyğun olaraq hazırlıq tədbirləri həyata keçirilir, məntəqələrdə bütün lazımi şərait yaradılıb, 10 məntəqədə veb-kamera quraşdırılıb.
Qeyd olunub ki, namizədlərin təşviqatı mərhələsində seçicilərlə açıq və qapalı yerlərdə görüş yerləri müəyyənləşdirilib. Həmçinin hər seçki məntəqəsinin önündə namizədlərin təşviqat materiallarının asılması üçün lövhələr quraşdırılıb.
Məlumat verilib ki, dairə və məntəqə seçki komissiyalarının üzvlərinin peşəkarlıq səviyyəsinin artırılması, onların seçkilər sahəsində bilik, bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyasının treninq qrupu tərəfindən yerlərdə keçiriləcək təlimlərin cədvəli, eləcə də seçki günü əsas seçki hərəkətləri ilə bağlı slaydlar hazırlanıb. Aşağı seçki komissiyaları üçün dördgünlük treninqlərdə iştirakçılar səsvermə günü görəcəkləri işlər, seçki məntəqələrinin açılışına hazırlıqlar, səsvermə saatlarında həyata keçiriləcək tədbirlər ilə bağlı təqdimatlar və slaydlar vasitəsilə ətraflı məlumatlandırılır.