TURGENEVİN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ “DƏYİRMİ MASA” KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Sodrujestvo” Azərbaycan Xalqlarının Həmrəyliyi Respublika Cəmiyyəti (AXHRC) iyulun 26-da görkəmli rus yazıçısı İ.S.Turgenevin anadan olmasının 190-cı ildönümü münasibətilə “İ.S.Turgenevin yaradıcılığında saf məhəbbət motivləri" mövzusunda "dəyirmi masa" keçirmişdir.
AXHRC sədrinin müavini Mixail Bolotnikov demişdir ki, MDB Dövlət Başçıları Şurası 2008-ci ili Ədəbiyyat və qiraət ili elan etmişdir. Azərbaycan Respublikası adından sənədi Prezident İlham Əliyev imzalamışdır. Bu məqsədlə MDB dövlətlərinin Beynəlxalq Humanitar Əməkdaşlığı Fondu kompleks tədbirlərin keçirilməsini nəzərdə tutmuşdur. M.Bolotnikov ən vacib tədbirlər sırasında ənənəvi beşinci beynəlxalq “Kitab sənəti” müsabiqəsinin keçirilməsini, MDB ölkələri müəlliflərinin kitab sərgilərinin təşkilini, “MDB müəllifləri kitabxanası” silsiləsindən kitabların nəşrini və yayılmasını, "dəyirmi masa" tədbirlərinin keçirilməsini və s. göstərmişdir.
Tədbirdə tərkibinə Poeziya klubunun, “Cənub üçbucağı” Bakı Fantast Yazıçılar Klubunun, “Məzəli adamlar” Yumoristlər Klubunun və nasirlər bölməsinin daxil olduğu “Sodrujestvo” Ədəbi Birliyinin nümayəndələri iştirak edirdilər. Bakı Slavyan Universitetinin təmsilçiləri, şair və nasirlər İ.S.Turgenevin həyat və yaradıcılığından söhbət açmışlar. Tədbirdə İ.S.Turgenevin və digər müəlliflərin əsərlərinə bəstələnmiş romanslar səslənmişdir.