MƏDƏNİYYƏT
Turizm sektorunun qeyri-neft iqtisadiyyatında payı 3,4 faizə çatıb
![Turizm sektorunun qeyri-neft iqtisadiyyatında payı 3,4 faizə çatıb](/files/2024/1/1200x630/17049612693047827154_1200x630.jpg)
Bakı, 11 yanvar, AZƏRTAC
Turizmin inkişafında mühüm yer tutan əlçatanlılığın təmin edilməsi son 20 il ərzində xüsusi diqqət mərkəzindədir, nəticədə ölkənin hava, quru və dəmir yolları infrastrukturu inkişaf etdirilib. Bu isə öz növbəsində müasir hotelçilik və turizm biznesinə sərmayə qoyuluşunun artmasını stimullaşdırıb. Ötən dövr ərzində dünyada ən məşhur hotel brendləri Azərbaycanda iş qurub, qış turizm kompleksləri, sağlamlıq mərkəzləri yaradılıb, yerli və beynəlxalq tədbirlərin keçirilməsi üçün müasir üslubda tədbir məkanları inşa edilib. Bu proses bu gün də davam edir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər turizm sənayesində ixtisaslaşmış assosiasiyaların birgə bəyanatında qeyd olunub.
Bəyanatda deyilir: “Bütövlükdə turizmin inkişafı qeyri-neft sektorunun inkişafında əsas istiqamətlərdən biri kimi qəbul edilib, sektorun qeyri-neft iqtisadiyyatında payı 3,4 faizə çatıb. Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində turizm sahəsində dövlət siyasətinin əsas prinsiplərinin və turizm fəaliyyətinin əsaslarının müəyyənləşdirilməsi, vergi və gömrük güzəştləri kimi mexanizmlərin tətbiqi, bir sıra lisenziyaların ləğvi, turizm və rekreasiya zonalarının yaradılması, viza rejiminin liberallaşdırılması və asanlaşdırılması bu sektorda əsl canlanma yaradıb.
Son 20 il ərzində turizmin müxtəlif alt sahələri üzrə lazımi bilik və bacarıqlara malik insan kapitalının hazırlanması, turizm əmək bazarında xidmət və dəyər yaradan mütəxəssislərin yetişdirilməsinə imkan verən ali təhsil sisteminin formalaşdırılması, turizm təhsilinin təşkili sahəsində dövlət-biznes tərəfdaşlığının təşviqi istiqamətində böyük inkişaf yolu qət edilib”.