“Türk dünyası - yeni nəsil media” seminarında aktual mövzular müzakirə edilib
Ankara, 22 dekabr, AZƏRTAC
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin və Bursa Böyükşəhər Bələdiyyəsinin birgə təşkil etdiyi “Türk dünyası - yeni nəsil media” seminarında jurnalistikanın ən aktual məsələləri müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş 2022-ci ilin Bursanın Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi çərçivəsində keçirilən seminarın Türk dünyasında ortaq ünsiyyət dilinin inkişafı baxımından əhəmiyyətli olduğunu bildirib. “Biz rəqəmsal zorakılıqdan nifrət nitqinə, terror təbliğatından sistemli dezinformasiya hərəkətlərinə, alqoritmik diktaturadan rəqəmsal faşizmə qədər yeni media texnologiyaları vasitəsilə məruz qaldığımız təhdidlərə qarşı birlikdə mübarizə aparmalıyıq”, - deyə bələdiyyə sədri çıxışında qeyd edib.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunun onlayn qatıldığı seminarda rəqəmsal dövrdə mediada yaranan nifrət nitqi və irqçilik kimi problemlərlə mübarizə üsulları müzakirə edilib.
Türk dünyasından jurnalistlərin və Türkiyədə fəaliyyət göstərən bir çox media mənsublarının iştirak etdiyi seminar çərçivəsində “Mediada dezinformasiya və nifrət toxumları ilə mübarizə” və “Rəqəmsal media və internet jurnalistikası” mövzularında sessiyalar keçirilib. Sessiyalarda yerli media təmsilçiləri ilə yanaşı, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Türkiyə təmsilçisi Ramin Hüseynov da bu sahədə bilik və təcrübələrini paylaşıb. R.Hüseynov çıxışında Azərbaycanda media qurumlarının inkişafı və bu sahədə çalışanların beynəlxalq təcrübəni mənimsəməsi və sair istiqamətləri əhatə edən yeniliklər barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Çıxışçılar seminarda müzakirə olunan mövzuların həm media mənsubları, həm də geniş ictimaiyyət üçün faydalı olacağına ümid etdiklərini bildiriblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara