Türk dünyasının birlik və qardaşlıq rəmzinə çevrilən Beynəlxalq Koroğlu festivalı başa çatmışdır
Bolu, 30 oktyabr (AZƏRTAC). Oktyabrın 30-da Bolu şəhəri dünyanın dörd bır tərəfindən Beynəlxalq Koroğlu festivalına təşrif buyurmuş qonaqları ilə vidalaşmışdır. Türkdilli ölkələrin və türk topluluqlarının çoxsaylı təmsilçiləri Koroğlunun vətəni olan Boludan zəngin təəssüratla ayrılmışlar.
Təbiətin ürəyi, mədəniyyət və sənət mərkəzi olan Bolu bu günlər həm də türk dünyasının birgə vuran ürəyi olmuşdur. Düz dörd gün bu qədim şəhər Koroğlu ruhu ilə nəfəs almış, türk xalqlarını bir araya gətirmiş, türk dünyasının birliyinə doğru daha bir önəmli addım atılmışdır. Çoxsaylı qonaqlar və şəhər sakinləri türkdilli ölkələrin zəngin folklorunu, milli rəqslərini və musiqisini yaxından izləmək imkanı qazanmışlar. Festival ərzində Türkiyənin, Azərbaycanın, Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın, Qırğızıstanın və digər türkdilli dövlətlərin bayraqları bır arada dalğalanmışdır.
Beynəlxalq festivalın ən mühüm məqamlarından biri Koroğlu parkının təməlqoyma mərasimi olmuşdur. Təməli şəhər valisi Mustafa Kamal Kəskinin, bələdiyyə sədri Alaəddin Yılmazın, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqil Abbasın və digər qonaqların iştirakı ilə bünövrəsi qoyulan parkın mərkəzində Bolu Koroğlusunun 25 metr hündürlüyündə abidəsi ucalacaqdır. Bu parkda türk dünyasının bütün Koroğlularını bır arada görmək mümkün olacaqdır.
Beynəlxalq Koroğlu festivalında Azərbaycan da böyük heyətlə təmsil olunmuş və zəngİn proqram nümayiş etdirmişdir. Azərbaycanlı alım və tədqiqatçılar festival çərçivəsində keçirilmiş Koroğlu simpoziumunda mövzu ilə bağlı maraqlı çıxışlar etmişlər.
Milli Məclisin deputatı Qənirə Paşayevanın təşəbbüsü ilə təşkil olunmuş Azərbaycan dostluq gecəsi tədbirin qonaqları tərəfindən maraqla qarşılanmışdır. Bolu Ticarət və Sənaye Evinin konfrans zalında keçirilən gecədə şəhər valisi Mustafa Kamal Kəskin, bələdiyyə sədri Alaəddin Yılmaz, Türk Ocaqları Dərnəyinin şöbə müdiri Hüseyn İka, İzzət Baysal vəqfinin sədri Əhməd Baysal və başqaları iştirak etmişlər.
Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səslənməsi ilə başlayan proqram 3 saata yaxın davam etmişdir. Gecədə Azərbaycan sənətçiləri milli musiqimizdən rəngarəng nümunələr təqdim etmiş, Azərbaycan şairlərinin şeirləri oxunmuşdur.
Koroğlu festivalının son gününün Türkiyənin Cümhuriyyət bayramı ilə üst-üstə düşməsi iştirakçılara xüsusi bir ovqat bəxş etmişdir. Qonaqlar və Bolu sakinləri Cümhuriyyət gününü birlikdə bayram etmişlər.
Elman Qədirli
AZƏRTAC-ın müxbiri
Bolu