Türk ekspert: Azərbaycanın sabitliyi və təhlükəsizliyi regionun inkişafı üçün strateji əhəmiyyət daşıyır
Bakı, 8 iyul, AZƏRTAC
Azərbaycanın region dövlətləri ilə qarşılıqlı hörmətə, əməkdaşlığa və sülhə əsaslanan siyasəti həm iqtisadi inkişafın davamlılığını təmin edir, həm də Cənubi Qafqazın gələcəyi üçün mühüm perspektivlər yaradır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli iqtisadçı ekspert Canip Nuray deyib.
Ekspert bildirib ki, son illərdə beynəlxalq münasibətlər sistemində qeyri-müəyyənliklər daha da dərinləşib. Müxtəlif bölgələrdə davam edən silahlı münaqişələr, ticarət gərginlikləri, enerji təhlükəsizliyi ilə bağlı çağırışlar və qlobal iqtisadi risklər dövlətləri yeni yanaşmalar formalaşdırmağa məcbur edir. Belə bir şəraitdə sabitlik və təhlükəsizlik hər bir ölkənin inkişafını müəyyən edən əsas amillərdən birinə çevrilib.
Canip Nurayın sözlərinə görə, Azərbaycan bu mürəkkəb geosiyasi şəraitdə daxili sabitliyi qoruyub saxlamaqla yanaşı, regionda sülhün və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Bu isə ölkənin beynəlxalq etimadını artırmaqla yanaşı, xarici investorlar üçün də əlverişli biznes mühiti formalaşdırır.
"İnvestorlar ilk növbədə təhlükəsizlik və sabitliyə üstünlük verirlər. Harada siyasi sabitlik, qanunun aliliyi və təhlükəsizlik təmin olunursa, həmin ölkələr daha çox sərmayə cəlb edir. Azərbaycan da məhz bu xüsusiyyətləri ilə regionun ən cəlbedici iqtisadi mərkəzlərindən birinə çevrilib", - deyə ekspert vurğulayıb.
Onun fikrincə, Azərbaycanın son illərdə nəqliyyat-logistika infrastrukturuna qoyduğu investisiyalar, beynəlxalq yükdaşımalarda artan rolu və enerji layihələrində etibarlı tərəfdaş kimi tanınması məhz sabit siyasi və iqtisadi mühitin nəticəsidir.
Canip Nuray qeyd edib ki, Azərbaycanın Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm nəqliyyat qovşağına çevrilməsi də təsadüfi deyil. Orta Dəhlizin inkişafı, beynəlxalq ticarət marşrutlarının genişlənməsi və tranzit daşımalarının artması ölkənin təhlükəsiz və etibarlı tərəfdaş imici ilə birbaşa bağlıdır.
Ekspert hesab edir ki, Azərbaycanın qonşu dövlətlərlə qarşılıqlı faydalı münasibətlərin inkişafına verdiyi önəm regionda uzunmüddətli sabitliyin təmin olunmasına xidmət edir: “İqtisadi əməkdaşlığın genişlənməsi, nəqliyyat əlaqələrinin inkişafı və qarşılıqlı etimadın möhkəmlənməsi Cənubi Qafqazın rifahı baxımından böyük əhəmiyyət daşıyır. Regionda davamlı sülh yalnız siyasi baxımdan deyil, iqtisadi nöqteyi-nəzərdən də bütün ölkələr üçün yeni imkanlar yaradır. Azərbaycan bu istiqamətdə konstruktiv mövqe nümayiş etdirərək əməkdaşlıq platformalarının genişlənməsinə töhfə verir”.
O vurğulayıb ki, təhlükəsizlik, siyasi sabitlik və proqnozlaşdırıla bilən iqtisadi siyasət Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyini möhkəmləndirən əsas amillərdəndir. Bu üstünlüklər ölkənin qeyri-neft sektorunun inkişafına, yeni istehsal sahələrinin yaradılmasına, turizmin genişlənməsinə və məşğulluğun artmasına da müsbət təsir göstərir: “Qlobal çağırışların artdığı indiki mərhələdə Azərbaycanın sabitlik və əməkdaşlığa əsaslanan siyasəti təkcə ölkənin milli maraqlarına deyil, həm də bütövlükdə Cənubi Qafqazda etimad mühitinin formalaşmasına və dayanıqlı inkişafın təmin edilməsinə mühüm töhfə verir. Azərbaycanın təhlükəsiz, sabit və açıq iqtisadi mühitini qoruyub saxlaması qarşıdakı illərdə də ölkənin beynəlxalq nüfuzunun və iqtisadi potensialının daha da güclənməsinə imkan yaradacaq”.