İDMAN
Türkdilli ölkələrin səmti müəyyən etmə idman növü üzrə çempionatının keçirilməsi planlaşdırılır
Bakı, 7 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının nümayəndələri ənənəvi 10-cu “İstanbul 5 Days” yarışlarında iştirak etmişlər. Turniri İstanbul səmti müəyyən etmə idman klubu təşkil etmişdir.
Yarışlarda Finlandiya, İsveç, Norveç, İtaliya, Danimarka, Avstriya, Almaniya, Estoniya, Rusiya, Ukrayna, Qazaxıstan və başqa ölkələrin səmti müəyyən etmə klublarının idmançıları iştirak etmişlər. Turnirin proqramına uzaq və orta məsafələrdə yarışlar, eləcə də sprint və super sprint daxil edilmişdir.
Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının prezidenti Mirəli Kazımov sprint kateqoriyasında iştirak etmiş, eləcə də Türkiyə Səmti Müəyyən Etmə İdman Federasiyasının prezidenti Təkin Çolakoğlu tərəfindən fəxri qonaq qismində “İstanbul 5 Days” turniri qaliblərinin mükafatlandırılması mərasiminə dəvət olunmuşdur.
Turnir çərçivəsində Türkiyənin səmti müəyyən etmə idman klublarının prezidentləri, eləcə də Türkiyə Səmti Müəyyən Etmə İdman Federasiyasının prezidenti Təkin Çolakoğlu ilə türkdilli ölkələrin səmti müəyyən etmə idman növü üzrə çempionatının keçirilməsi barəsində danışıqlar aparılmışdır.