Türkiyə ilə müştəri xidmətləri üzrə əməkdaşlığın genişləndirilməsi təklif olunub
Bakı, 29 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) Türkiyə Banklar Birliyinin sədri, Ziraat Bankın baş müdiri Alpaslan Çakarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Konfederasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə qonaqları salamlayan ASK-nın prezidenti Məmməd Musayev qardaş ölkədən olan nümayəndə heyəti ilə görüşməkdən məmnunluğunu ifadə edərək, Türkiyə ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sektorları üzrə yüksək əməkdaşlığın mövcudluğunu vurğulayaraq hər iki ölkə rəhbərləri arasında dostluq və qardaşlığın iqtisadi əməkdaşlığa çox müsbət təsir göstərdiyini bildirib.
Görüş zamanı ölkəmizdəki biznes imkanları, dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün görülən işlər, respublikaya xarici investisiyaların cəlb edilməsinə yaradılan münbit şərait, eyni zamanda, Azərbaycan Sahibkarlar Konfederasiyasının strukturu və üzv tərkibi haqqında qonaqlara ətraflı məlumat verilib.
Qeyd edilib ki, Azərbaycan-Türkiyə arasında ticarət dövriyyəsinin yüksəldilməsi üçün iş adamları əməkdaşlıq imkanlarını genişləndirir və bu ilin noyabrın 10-da İstanbulda keçiriləcək Türk Ticarət və Sənaye Palatasının növbəti biznes-forumuna ciddi şəkildə hazırlaşırlar.
Alpaslan Çakar meşə yanğınları zamanı Türkiyə Banklar Birliyi tərəfindən həyata keçirilən ağacəkmə aksiyasına Azərbaycan Banklar Assosiasiyasının da qoşulmasından məmnunluğunu bildirib. O, dünyadakı xammal və ərzaq bahalaşması ilə bağlı iqtisadi proseslərə toxunaraq “Ziraat Bank”ın Türkiyədəki və digər ölkələrdəki fəaliyyəti ilə bağlı məlumat verib.
Alpaslan Çakar, “Ziraat Bank”ın Azərbaycanla bağlı planlarına da toxunub: “Naxçıvanda və Qarabağda yeni filiallar açılacaq”.
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev ölkələrimizin bank sektoru arasında münasibətlərin daha da dərinləşdirilməsinə ehtiyac olduğunu bildirib. Z.Nuriyev qeyri-neft sektorunda Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından olan Türkiyə ilə müştəri xidmətləri üzrə əməkdaşlığı genişləndirməyi təklif edib.
Sonra iş adamları Camal Yangın, Hüseyn Böyükfırat və digər iştirakçılar Qarabağın əkinçilik, heyvandarlıq potensialının inkişaf etməsində “Ziraat Bank”ın dəstəyini önə çəkiblər.
Görüş qarışlıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edərək, Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Türkiyə Banklar Birliyi arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.