TÜRKİYƏ MƏTBUATI XALQ YAZIÇISI ELÇİNİN “QATİL” TAMAŞASININ PREMYERASINA GENİŞ YER AYIRMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, tamaşa Türkiyə mətbuatında böyük əks-səda doğurmuşdur. Nüfuzlu “Hürriyyət” və “Yeni şəfəq” qəzetlərinin səhifələrində dərc olunmuş məqalələrdə qardaş ölkədə sevilən və maraqla izlənilən “Qatil” əsəri müəllifinin yaradıcılığı da ətraflı təhlil edilmişdir. “Yeni şəfəq”dəki məqalədə deyilir: “Türkiyədə və dünyanın digər dövlətlərində dərc olunan roman, hekayə, tədqiqat və pyesləri ilə tanınan Elçinin bu tamaşası ölkəmizdə teatrsevərlərə yeni quruluşda bir daha təqdim olunmuşdur. Müəllif, əsərlərində müasir Azərbaycan həyatına və insanına real baxışı ilə fərqlənir, keçmişlə bu günün bağlantısında insanlığın problemlərinə dərindən nüfuz edə bilir. “Qatil” əsərində də sosializmdən sonra keçid dövrünün ağrılarını yaşayan Azərbaycan insanının psixoloji durumunu göstərən müəllif, müasir faciə nümunəsi təqdim etmişdir”.
Tanınmış aktrisa Məlahət Abbasovanın tamaşaya verdiyi quruluş, türk aktyorları Elçin Altınadağ, Əmrah Özərtəm, Nevzat Çankaya, Ezgi Yolçu və Rədifə Baltaoğlunun mükəmməl oyunu da Türkiyə mətbuatında bir sənət uğuru kimi dəyərləndirilmişdir.