RƏSMİ XRONİKA
TÜRKİYƏ PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏR AZƏRBAYCANIN BAŞ NAZİRİ ARTUR RASİZADƏ İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, aprelin 5-də dövlət iqamətgahında - “Ulduz” Sarayında Türkiyə Prezidenti Əhməd Necdət Sezər Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşmüşdür.
Görüşdə strateji tərəfdaşlıq səviyyəsində olan Azərbaycan-Türkiyə münasibətlərinin sosial-iqtisadi spektri məsələlərinə toxunuldu, həcmi ötən il 795 milyon dollara çatan, cari ildə isə 1 milyard dolları keçəcək əmtəə dövriyyəsinin ildən-ilə artmasından məmnunluq ifadə edildi.
Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə qoyulan Türkiyə sərmayələrinin müsbət dinamikası da vurğulandı və onların həcminin 2,2 milyard dollara çatdığı bildirildi. Eyni zamanda, Azərbaycanda xarici sərmayədarlar üçün əlverişli şərait yaradıldığı da vurğulandı.
Görüşdə Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının genişləndirilməsi məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıldı.