Türkiyə Superliqası: “Beşiktaş” çempionatda ikinci sıraya yüksəlib
Bakı, 10 mart, AZƏRTAC
Martın 10-da futbol üzrə Türkiyə Super Liqasının 25-ci turunun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turun növbəti görüşündə çempionatda 47 xalla üçüncü sırada qərarlaşan “Beşiktaş” komandası “Gənclərbirliyi”ni qəbul edib.
Oyunda son çempion “Beşiktaş” rəqibinə minimal hesabla qalib gəlib - 1:0. Qarşılaşmada yeganə qolu 53-ü dəqiqədə Anderson Taliska vurub. Bu oyundan sonra “Beşiktaş” xallarının sayını 50-yə çatdıraraq turnir cədvəlinin ikinci pilləsinə yüksəlib və ilk pillələrdə qərarlaşan "Qalatasaray" və "Başakşehir" komandaları ilə xallarını bərabərləşdirib.
Turun bu gün keçirilən digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Sivasspor” - “Kasımpaşa” - 2:2
“Osmanlıspor” - “Bursaspor” - 2:1.
Turun martın 9-da keçirilmiş oyununda çempionluq uğrunda yarışan komandalardan “Başakşəhər” səfərdə "Alanyaspor"a böyük hesabla məğlub olub - 4:1.
XV tur çərçivəsində martın 11-də “Göztəpə” - “Antalyaspor”, “Kayserispor” - “Karabükspor”, “Yeni Malatyaspor” - “Fənərbağça” və “Qalatasaray” - “Konyaspor” matçları keçiriləcək.
Tura martın 12-də keçiriləcək “Akhisar” - “Trabzonspor” matçı ilə yekun vurulacaq.
Qeyd edək ki, hazırda hər birinin hesabında 50 xal olan “Qalatasaray”, “Beşiktaş” və “Başakşehir” turnir cədvəlində birinci, ikinci, üçüncü yerləri bölüşürlər. “Fənərbağça” 44 xalla dördüncü, “Kayserispor” isə 38 xalla beşinci pillədə qərarlaşıb.