Türkiyə Superliqası: “Qalatasaray” liderliyini qoruyub
Bakı, 11 mart, AZƏRTAC
Martın 11-də futbol üzrə Türkiyə Superliqasının XXV turunun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turnir cədvəlinin birinci pilləsində qərarlaşan “Qalatasaray” öz meydanında “Konyaspor”la qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma 2:1 hesabı ilə İstanbul komandasının qələbəsi ilə yekunlaşıb. Oyunda hesabı Vilfred Mokenin 2-ci dəqiqədə vurduğu qolla “Konyaspor” açıb - 0:1. “Qalatasaray”ın hücumçusu Bafetimbi Qomis 21-ci dəqiqədə rəqibin qapısına təyin olunmuş penaltidən istifadə edə bilməyib. Nəhayət, 69-cu dəqiqədə Bafetimbi Qomis baş zərbəsi ilə hesabı bərabərləşdirməyə nail olub - 1:1.
Oyunun sonlarında meydan sahibləri hesabda irəli çıxıblar. Səksən altıncı dəqiqədə Sinan Gümüş rəqib komandanın qapısından ikinci topu keçirib - 2:1.
Bu qələbədən sonra İstanbul təmsilçisi xallarının sayını 53-ə çatdıraraq turnir cədvəlinin birinci pilləsindəki mövqeyini qoruyub. İkinci və üçüncü pillələrdə qərarlaşan “Beşiktaş” və “Başakşehir”in 50 xalı var.
Turun maraqla gözlənilən digər oyununda “Fənərbaxça” komandası “Yeni Malatyaspor”a səfərdə 2:0 hesabı ilə qalib gəlib. İstanbul komandasının heyətində Roman Noyştader (35-ci dəq) və Juliano (90-cı dəq) fərqləniblər.
Digər oyunlarda “Göztəpə” komandası “Antalyaspor”dan 2:1, “Kayserispor” isə "Karabükspor"dan 3:2 hesabları ilə üstün olub.
Tura martın 12-də keçiriləcək “Akhisar” - "Trabzonspor" matçı ilə yekun vurulacaq.