DÜNYA
Türkiyədə “Kızılelma” hərbi PUA-nın kütləvi istehsalına başlanılıb
Adana, 7 oktyabr, AZƏRTAC
“TEKNOFEST-2024” Aviasiya, Astronavtika və Texnologiya Festivalının İdarə Heyətinin sədri, “Baykar” şirkətinin rəhbəri Selcuk Bayraktar “Kızılelma” pilotsuz hərbi təyyarəsinin kütləvi istehsalına başlandığını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Bayraktar yeni təyyarənin “insanlı aviasiyadan pilotsuz aviasiyaya inqilabi keçidin başlanğıcını” simvolizə etdiyini bildirib.
“Gələn il konveyerdən ən azı on oxşar təyyarəni çıxarmağı planlaşdırırıq. Biz hasilatı eksponent olaraq daha da artıracağıq”, - deyə “Baykar”ın rəhbəri bildirib.
Onun sözlərinə görə, dünyada “Kızılelma” pilotsuz təyyarəsinə maraq yüksəkdir.
Eyni zamanda, o qeyd edib ki, şirkətin prinsipial mövqeyi hazırkı mərhələdə pilotsuz hərbi təyyarələrin tədarükü üçün müqavilələr imzalamamaqdır.
Bayraktar qeyd edib ki, “Kızılelma” kimi təyyarələrin yaradılması üçün yüz milyonlarla dollar investisiya lazımdır. “Biz bütün bunlara ixracdan əldə olunan gəlirlər sayəsində nail olduq. Kredit olmayıb”, -deyə o vurğulayıb.
“Baykar”ın rəhbəri daha sonra yeni bir perspektivli layihə - “Bayraktar TB3” hücum PUA-sı haqqında danışıb. O, məlumat verib ki, şirkət dəniz gəmilərindən enmə və qalxma qabiliyyətinə malik “Bayraktar TB3” versiyasının istehsalına 2025-ci ildə başlamağı planlaşdırır.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Adana