Türkiyədə onlayn ixrac həcmini 8 milyard dollara çatdırmaq planlaşdırılıb
Ankara, 3 aprel, AZƏRTAC
Türkiyənin Ticarət Nazirliyi elektron ticarət sahəsində fəaliyyət göstərən şirkətlərə dəstək göstərmək üçün lazım olan bütün zəruri tədbirləri görür. Cari ilə olan hədəf onlayn ticarət həcmini 8 milyard dollara çatdırmaqdır və bu məqsədə çatmaq tamamilə mümkündür.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə İxracatçılar Assosiasiyası (TİM) bəyan edib.
TİM rəhbəri Mustafa Gültepe xatırladıb ki, ötən ilin yekunlarına əsasən, elektron ticarətin qlobal bazar həcmi 3.2 trilyon dollara çatıb.
“Türkiyədə cari onlayn ixrac həcmi, sözsüz ki, arzuolunan səviyyədə deyil və ötən ilin yekunlarına əsasən 6.4 milyard dollara çatıb”, - deyə Assosiasiyanın rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, 2028-ci ilə qədər Türkiyənin ümumi ixrac həcminin 375 milyard dollara çatacağı proqnozlaşdırılıb. “Bizim qiymətləndirmələrimizə görə, bu göstəricinin 10 faizi internet ixracın payına düşür”, - deyə o bildirib və qeyd edib ki, bu iddialı hədəfə çatmaq üçün elektron ticarət platformalarının inkişaf etdirilməsinə ehtiyac duyulur.
M.Gültepe vurğulayıb ki, bu gün artıq 550 minə qədər Türkiyə şirkəti elektron ticarət sahəsinə cəlb olunub.
O, Türkiyənin uzunmüddətli perspektivdə elektron ticarət sahəsində dünya liderlərinin ilk onluğuna daxil olacağına ümid etdiyini deyib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara