Türkiyəli diplomat AMEA-nın Naxçıvan Bölməsində olmuşdur
Naxçıvan, 18 noyabr (AZƏRTAC). Türkiyənin Naxçıvan Muxtar Respublikasına (MR) yeni təyin olunmuş baş konsulu Əli Rza Əkinçi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsinin fəaliyyəti ilə tanış olmuşdur.
AZƏRTAC xəbər verir ki, Türkiyəli diplomata AMEA Naxçıvan Bölməsinin yaradılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri haqqında məlumat verilmişdir. Baş konsul bölmədə yaradılmış Heydər Əliyev guşəsinə, kitab sərgi salonuna Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeologiya və Etnoqrafiya Muzeyinə baxmışdır.
Qonağın diqqətinə çatdırılmışdır ki, Arxeologiya və Etnoqrafiya muzeyində Naxçıvan MR ərazisində bölmə əməkdaşlarının iştirakı ilə keçirilən ekspedisiyalar zamanı əldə edilmiş eksponatlar, müxtəlif tarixi abidələrin fotoşəkilləri saxlanılır. Kitab sərgi salonunda isə Naxçıvanın tarixi, mədəniyyəti, folkloru, təbiətinə aid müxtəlif elmi ədəbiyyat, o cümlədən bölmə əməkdaşları tərəfindən yazılmış monoqrafiyalar, kitablar, bölmədə müdafiə olunan dissertasiyaların avtoreferatları, həmçinin AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının nüsxələri nümayiş etdirilir.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik, Milli Məclisin deputatı İsmayıl Hacıyev bu elm mərkəzin yaradılması, fəaliyyəti, beynəlxalq əlaqələri haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, 6 institut, 36 şöbədən ibarət olan AMEA Naxçıvan Bölməsinin Türkiyənin müxtəlif elmi mərkəzləri və universitetləri ilə sıx əlaqələri mövcuddur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun birbaşa diqqət və qayğısı sayəsində bölmənin kitabxanası elektronlaşdırılmış, zəngin kitabxanasından xarici tədqiqatçıların istifadəsi üçün şərait yaradılmışdır. Naxçıvanda keçirilən elmi konfrans və simpoziumlarda türkiyəli elm adamları, Türkiyədə keçirilən elmi tədbirlərdə isə bölmə əməkdaşları fəal iştirak edirlər.
Baş konsul Naxçıvanın müxtəlif tarixi məkanları ilə tanışlığın onda xoş təəssürat yaratdığını qeyd etmişdir. Regionun strateji əhəmiyyətini xüsusi vurğulayan Əli Rza Əkinçi Naxçıvanın tarixi mədəniyyət və elm mərkəzi olduğunu bildirmişdir. Diplomat ölkəsi ilə elm sahəsində əlaqələrin daha da gücləndirilməsi üçün üzərinə düşən vəzifələri yerinə yetirməyə hazır olduğunu demişdir.
Görüşdə elmi ədəbiyyatın mübadiləsi, əlyazmaların mikrofilmlərinin hazırlanması istiqamətində əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılmışdır.