Türkiyəli ekspert: Prezident İlham Əliyevin diplomatiyası Azərbaycanın yeni qələbələrinə yol açır
Ankara, 10 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin diplomatiyası Azərbaycana 44 günlük Vətən müharibəsində Qələbənin siyasi-hüquqi nəticələrinin dünya ictimaiyyəti, o cümlədən ABŞ tərəfindən tam tanınmasına nail olmağa imkan verdi ki, bu da rəsmi Bakının əlamətdar qələbəsidir.
Bu fikri AZƏRTAC -a müsahibəsində Türkiyə Strateji və Siyasi Araşdırmalar Fondunun (TÜRPAV) idarə heyətinin üzvü Sinan Demirtürk bölüşüb.
Ekspert qeyd edib ki, 1828-ci ildən başlayaraq Cənubi Qafqazda türk əhalisinin sayının azaldılmasına yönəlmiş bölgənin etnik xəritəsinin dəyişdirilməsinə dair planlı siyasət aparılıb. Üstəlik, Çar Rusiyası tərəfindən aparılan bu kurs sovet hakimiyyəti tərəfindən də davam etdirilib.
“Süni şəkildə yaradılmış Ermənistan dövləti kütləvi qətl, zorakı köçkünlük, işğal və təcavüzün sinoniminə çevrilib. Ermənistan Türk dünyasının birliyinə qarşı çıxan dairələrin əlində geosiyasi alətə çevrilib”, - deyə Demirtürk Şərqi Zəngəzurun Azərbaycandan zorla ayrıldığını xatırladaraq, qeyd edib.
Ekspert Qərbi Azərbaycanda azərbaycanlılara qarşı dövlət siyasəti səviyyəsinə qaldırılmış sistematik zorakılıqlara, eləcə də Xocalıda və Azərbaycanın digər bölgələrində baş verən qanlı cinayətlərə də diqqət yetirib.
TÜRPAV idarə heyətinin üzvü vurğulayıb ki, 44 günlük müharibədə tarixi qələbə bütün regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişib. “Azərbaycanın təkcə Xəzər regionu üçün deyil, həm də Türk dünyası və Yaxın Şərq ölkələri üçün tanınmış güc mərkəzlərindən biri olduğu yeni status-kvo formalaşıb”, - deyə S.Demirtürk bildirib.
Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsindəki Qələbə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizi məsələsinin həllini şərtləndirib.
“Prezident İlham Əliyev davamlı sülhün təmin edilməsi məqsədilə mühüm diplomatik addımlar atıb. Zəngəzur dəhlizinin açılması prosesin çox əhəmiyyətli həlqəsi oldu. Azərbaycan Prezidentinin səyləri sonda Azərbaycan və Ermənistan liderlərinin Ağ Evdə üçtərəfli görüşünü təcəssüm etdirdi. ABŞ Prezidenti Donald Trampın iştirakı ilə aparılan müzakirələr avqustun 8-də Şərqlə Qərb arasında mühüm nəqliyyat arteriyasının bərpasına yol açan Birgə Bəyannaməni imzalamağa imkan verdi”, - deyə ekspert Ağ Evdəki görüşün yekunlarını “Azərbaycan diplomatiyasının tarixi qələbəsi” adlandırıraraq, bildirib
TÜRPAV İdarə Heyətinin üzvü yeni nəqliyyat marşrutunun Çin və Avropa arasında Orta Dəhlizinin tərkib hissəsi kimi həm Azərbaycanın, həm də Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan digər ölkələrin beynəlxalq mövqelərini gücləndirəcəyinə əminliyini ifadə edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara