Türkiyəli iş qadınları Qarabağa səfər edəcəklər
Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycan-Türkiyə əməkdaşlığı çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) “Zəfərə doğru” mövzusunda işgüzar görüş keçirilib. Tədbir Sahibkar Qadınlar İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
AQUPDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, komitə sədri Bahar Muradova Türkiyə Respublikasında öz işi, bacarığı və uğurları ilə tanınan bir sıra xanımların Azərbaycana səfərinin əlamətdar hadisə olduğunu qeyd edib. Komitə sədri bu səfərin “Zəfərə doğru” adı altında keçirilməsi və Azərbaycanın həyatında çox əlamətdar dövrə təsadüf etməsini qürurverici hadisə kimi dəyərləndirib. “Sizin əldə etdiyiniz uğurlar, nailiyyətlər bütün türk dünyası qadınlarının uğurlarıdır”, - deyən B.Muradova bildirib ki, tarixin bütün mərhələlərində olduğu kimi, eləcə də 44 günlük Vətən müharibəsi dövründə çətinliklərlə üzləşən Azərbaycan qadınlarının qazanılan nailiyyətlərdə özünəməxsus yeri və imzası var. Qadınlarımız fəaliyyət göstərdikləri sahələrdə zəfər üçün lazım olan hər şeyi ediblər. Analarımız torpaq uğrunda canından keçməyə hazır olan vətənpərvər övladlar böyüdüblər və Vətənin müdafiəsi üçün cəbhəyə göndəriblər.
Türk iş adamlarının rəhbərlik etdiyi ən müxtəlif istiqamətlər üzrə dərnəklərin, dövlət qurumlarının, vətəndaş cəmiyyətlərinin Azərbaycanda öz tərəfdaşını tapacağına inamını qeyd edən B.Muradova dövlət orqanı olaraq bu əməkdaşlığın faydalarını daha da artırmaq üçün lazımi tədbirlər görüləcəyini deyib.
Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva türk iş adamlarının Azərbaycan və Türkiyə iş adamları platforması çərçivəsində Qarabağ bölgəsinə sərmayə qoymaqda maraqlı olduğunu diqqətə çatdırıb. Qarabağda müxtəlif sahələr üzrə işlərin görülməsinə ehtiyac olduğunu deyən sədr Türkiyədən gələn iş adamlarının tekstil, səhiyyə, təhsil və müxtəlif sahələr üzrə xidmətlər göstərəcəklərini qeyd edib.
Türkiyəli iş qadını Canan Göztəpə çıxışı zamanı qeyd edib ki, 20 nəfərdən ibarət türkiyəli iş qadınlarından ibarət nümayəndə heyətinin Qarabağa səfəri təşkil olunacaq.
Daha sonra çıxış edən Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova bildirib ki, iki qardaş ölkənin sahibkar xanımlarının həm dostluğu, həm də ortaq layihələri hər birimiz üçün çox əhəmiyyətlidir.
Sonra qonaqlar tərəfindən fəaliyyət göstərdikləri biznes sahələri haqqında məlumat verilib, həmçinin əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə olunub.
Yekunda qonaqlara Zəfər günlərində bizimlə birgə olduqları üçün minnətdarlığını bildirən AQUPDK-nın sədri bu səfərin növbəti əməkdaşlıqlar üçün bir başlanğıc olacağını qeyd edib.
Sonda xatirə şəkli çəkdirilib.