Türkiyəli mütəxəssislər Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları ilə tanış olublar
Bakı, 16 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutunda Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin ölkəmizdə işgüzar səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC -a verilən məlumata görə, Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Heyvandarlıq Baş idarəsinin rəisi Zekeriyya Erdurmuş, Ət və süd məhsulları Baş idarəsinin rəisi Osman Uzun, Qida və nəzarət Baş idarəsinin rəisi Harun Seçkin və qurumun Avropa İttifaqı və Xarici Əlaqələr Baş idarəsinin rəis müavini Ferhat Çolakın daxil olduğu nümayəndə heyəti ilə keçirilən görüşdə qonaqlara İnstitutun fəaliyyət sahələri barədə məlumat verilib, həmçinin Türkiyənin müvafiq qurumları ilə qida təhlükəsizliyi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Görüş çərçivəsində nümayəndə heyətinin üzvləri İnstitutun Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyalar ilə tanış olub, aparılan müayinələri əyani şəkildə müşahidə ediblər. Qonaqlara laboratoriyaların fəaliyyət istiqamətləri, maddi-texniki bazası barədə ətraflı məlumat verilərək bildirilib ki, ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə Bakı şəhəri və regionlarda beynəlxalq standartlara cavab verən müasir laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda idxal, ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə, baytar-sanitar və fitosanitar təhlükəsizliyin təmin edilməsi məqsədilə müxtəlif müayinələr həyata keçirilir.
Həmin laboratoriyalarda beynəlxalq standartlara uyğun metodlarla aparılan müayinələrin nəticələrinin dünyanın qabaqcıl ölkələrinin laboratoriyaları ilə uyğunluq təşkil etdiyi nümayəndə heyətinin diqqətinə çatdırılıb.