Türkiyəli professor: Azərbaycan 10-cu EMI Konfransına ev sahibliyi etməyə daha şanslıdır
Aksaray, 18 noyabr, AZƏRTAC
İddialı tərəflərin çox olmasına baxmayaraq 10-cu Beynəlxalq Sahibkarlıq və Sosial Elmlər Konfransının (EMI Konfransı) Azərbaycanda keçirilməsində maraqlıyıq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli professor, EMI Konfransının həmtəsisçisi Himmet Karadal bildirib.
Doqquzuncu konfransa Kanadanın ev sahibliyi edəcəyini diqqətə çatdıran professor Himmet Karadal deyib ki, 10-cu Beynəlxalq Sahibkarlıq və Sosial Elmlər Konfransını keçirməyə iddia edən tərəflər arasında Azərbaycan Dövlət Pedaqoji Universiteti daha şanslıdır. EMI Konfransının Təşkilat Komitəsi yaxın zamanda doqquzuncu tədbirin keçirilmə tarixini müzakirə edəndə, böyük məmnuniyyətlə bu məsələyə də baxacaq. Azərbaycanın ev sahibliyi üçün irəli sürdüyü arqumentlər tutarlıdır.
Qeyd edək ki, Sahibkarlıq və Sosial Elmlər Konfransı Özbəkistanın TEAM Universiteti, Şimali Kipr Türk Respublikasının Akdəniz Universiteti, Qazaxıstanın Turan Universiteti, İstanbulun Nişantaşı Universiteti və digər elm və təhsil qurumlarının tərəfindən birgə idarə olunur. Konfransa indiyədək ümumilikdə 2 544 alim tərəfindən hazırlanan 1552 məqalə təqdim olunub. Bütün konfransların materialları çap edilir.
Türkiyənin Aksaray şəhərində təşkil olunan səkkizinci konfransda ölkəmizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru dosent Yusif Alıyev, ADPU-nun Quba filialının Ədəbiyyat və Dillər kafedrasının baş müəllimi Dr. Sərxan Cəfərov və həmin təhsil ocağının Azərbaycan dili və ədəbiyyat müəllimi Dr. Yadulla Ələkbərov təmsil ediblər.
Aksaray