Türkiyənin Loğman Həkim Universitetinin nümayəndə heyəti Milli Məclisdə olub
Bakı, 12 iyul, AZƏRTAC
İyulun 12-də Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin Loğman Həkim Universitetinin nümayəndə heyəti ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Rəşad Mahmudov Azərbaycanla Türkiyə arasında gündən-günə inkişaf etməkdə olan çoxşaxəli əlaqələrdən danışıb. Səhiyyə komitəsinin sədr müavini son illərdə ölkəmizdə səhiyyənin inkişafı istiqamətində aparılan islahatlar, görülən işlər, əldə olunmuş nailiyyətlər, komitənin fəaliyyəti barədə məlumat verib.
Sonra nümayəndə heyətinin üzvləri Azərbaycana ilk dəfə gəldiklərini, səfərin məqsədinin iki ölkə arasında tibb və səhiyyə sahələrində əməkdaşlığın daha da genişləndirilməsi olduğunu vurğulayıblar.
Görüş zamanı nümayəndə heyətinin rəhbəri, Loğman Həkim Universitetinin rektoru professor Bülənt Gümüşəl, Universitetin İdarə Heyətinin sədri Məhmət Altuğ, rektorun müşaviri professor Ayşə Karaduman, universitetin Səhiyyə elmləri fakültəsinin və tibb bacısı şöbəsinin müdiri professor Fatma Öz, Əczaçılıq fakültəsinin dekanı professor Belma Gümüşel, Azərbaycan Tibb Universitetinin prorektoru Orxan İsayev çıxış edərək, tibb sahəsində birgə inkişaf layihələri çərçivəsində gələcək fəaliyyətin istiqamətləri barədə fikirlərini bölüşüblər.