UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçında futbolçuları müşayiət edəcək uşaqlar seçilib
Bakı, 29 mart, AZƏRTAC
Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununda maraqla gözlənilən məqamlardan biri də komandaların üzvləri ilə birgə meydana çıxacaq, futbolçuları paltardəyişmə otaqlarının dəhlizindən yaşıl meydana qədər müşayiət edəcək uşaqların seçim prosesidir.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, artıq bu istiqamətdə görülən işlər yekun mərhələdədir. Dördüncü ildir UEFA Avropa Liqasının gənclər proqramı üzrə rəsmi tərəfdaşlarından olan “Fedex” beynəlxalq yükdaşıma şirkətinin əməkdaşlığı ilə gənclər proqramına aztəminatlı və məcburi köçkün ailələrindən 22 azyaşlı qız (10-12 yaşarası) cəlb olunub. Həmin uşaqların bəziləri AFFA-nın “Məktəblərdə futbol dərsi” layihəsinin iştirakçıları, digərləri isə AFFA-nın təşkilatçılığı ilə keçirilən U-13 Qızlar Lıqası turnirində mübarizə aparan komandaların üzvləridir.
Martın əvvəllərində “Fedex” şirkətinin xüsusi çəkiliş qrupu layihəyə cəlb edilmiş qızların futbola maraq və istəklərini işıqlandırmaq məqsədilə videoçarxın çəkilişlərini aparıb, müsahibələr alıb.
Beləliklə, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu təkcə qarşılaşmanın təşkilatçıları, azarkeşləri, oyunun rəsmi şəxsləri və finalçı komandaların üzvləri üçün deyil, eləcə də futbolçuların əlindən tutaraq onları yaşıl meydana qədər müşayiət edən uşaqlar üçün də xüsusi və unudulmaz olacaq.