UKRAYNA AZƏRBAYCAN İLƏ ƏMƏKDAŞLIĞA BÖYÜK ƏHƏMİYYƏT VERİR
AZƏRTAC xəbər verir ki, iyunun 3-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Ukraynanın müdafiə naziri Yuri Yexanurovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Azərbaycan və Ukrayna xalqları arasında tarixi əlaqələrin möhkəmliyini diqqətə çatdıran Milli Məclisin sədri, dövlətlərimizin müstəqillik əldə etdikdən sonra aralarında çox sıx dostluq münasibətləri yarandığını və hazırda bunun keyfiyyətcə yeni mərhələyə çıxdığını vurğulamışdır.
O.Əsədov parlamentlərarası əlaqələrin getdikcə möhkəmləndiyini, deputatlarımızın beynəlxalq tədbirlər zamanı bir çox məsələlərdə eyni mövqedən çıxış etdiklərini söyləmişdir. Təcrübə və informasiya mübadiləsi baxımından parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti diqqətə çatdırılmışdır.
Milli Məclisin sədri sürətlə inkişaf edən Azərbaycanın özünün neft və qaz kəmərləri ilə bu gün Avropanın enerji təhlükəsizliyinə layiqli töhfə verdiyini, nəqliyyat və energetika infrastrukturu sahəsində Avropa və Asiya arasında körpü rolunu oynadığını qeyd etmişdir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Ukraynanın müdafiə naziri Yuri Yexanurov ölkəsinin Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini söyləmişdir. Cari ilin mayında Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfərinin əhəmiyyətini vurğulayan qonaq, son illərdə yüksək dinamikası ilə fərqlənən ikitərəfli əlaqələrimizin genişləndirilməsi üçün çox iş görüldüyünü qeyd etmişdir. O, parlamentlər səviyyəsində əlaqələrin inkişafının digər sahələrə də öz müsbət təsirini göstərdiyini diqqətə çatdırmışdır.
Tədbirdə ikitərəfli əməkdaşlığın inkişafı üçün qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi qeyd edilmiş, maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Azərbaycan-Ukrayna əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilmişdir.
Görüşdə Milli Məclis sədrinin birinci müavini, təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov, Ukraynanın ölkəmizdəki səfiri Boris Klimçuk və digər rəsmi şəxslər iştirak etmişlər.