UKRAYNA DİPLOMATİYASININ AĞSAQQALI YUBİLEYİNİ QEYD EDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Ukrayna diplomatiyasının patriarxı, 1990-1994-cü və 2000-2003-cü illərdə ölkənin xarici işlər naziri olmuş, Azərbaycan-Ukrayna münasibətlərinin möhkəmlənməsi üçün çox işlər görmüş Anatoli Zlenko iyunun 2-də 70 illik yubileyini qeyd etmişdir.
Xatırladaq ki, bu günlərdə AZƏRTAC-ın xüsusi müxbirinə verdiyi müsahibəsində Anatoli Zlenko bildirmişdi ki, dahi lider Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanda çox işlər görülmüş, ölkədə vətəndaş sülhünün və iqtisadi inkişafın təmin olunması üçün şərait yaradılmışdır. Bütün bunları böyük şəxsiyyətin siyasi varisi və oğlu, müasir lider, həm daxili, həm də xarici siyasətin incəliklərinə məharətlə yiyələnmiş İlham Əliyev təmin edə bilmişdir. Onun dərin biliyi, yüksək intellekti, əcnəbi dilləri gözəl bilməsi, Avropa imici sayəsində hazırda Azərbaycan həm regional lider kimi yüksək səviyyədədir, həm də beynəlxalq aləmdə nüfuza və sanballı reytinqə malikdir. Azərbaycanın dövlət başçısının mayın 21-22-də Ukraynaya rəsmi səfəri bunu bir daha parlaq şəkildə nümayiş etdirdi.
A.Zlenko vurğulamışdır ki, bu cür məqsədyönlülük və sabitlik ölkəyə İlham Əliyevin müdrik rəhbərliyi altında yeni nailiyyətlər qazanmağa imkan verəcəkdir. Şəxsən mən şübhə etmirəm ki, Prezident İlham Əliyevin namizədliyi dəstəklənəcək və o, dövlətin hazırkı tarazlaşdırılmış siyasətini davam etdirmək üçün yeni mandat və səlahiyyətlər alacaqdır.
Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev Anatoli Maksimoviçi doğum günü münsibətilə səmimi qəlbdən təbrik etmiş, ona cansağlığı, işlərində müvəffəqiyyətlər arzulamış, Ukrayna xarici siyasət idarəsinin rəhbəri olduğu dövrlərdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəklədiyi üçün yubilyara təşəkkürünü bildirmişdir.
Anatoli Zlenkonu Rusiyanın xarici işlər naziri Sergey Lavrov, RF-nin Kiyevdəki səfiri Viktor Çernomırdin və başqaları də təbrik etmişlər.