UKRAYNA DÜNYA SİLAH BAZARININ FƏAL İŞTİRAKÇISI OLACAQ
Bu proqnozu noyabrın 6-da Kiyevdə keçirilən mətbuat konfransında Ordunun Tədqiqi, Konversiya və Tərksilah Mərkəzinin direktoru Valentin Badrak vermişdir.
Badrak demişdir ki, hazırda Ukrayna hər il orta hesabla 650-700 milyon dollarlıq silah satır və 2007-ci il də bu baxımdan istisna təşkil etməyəcəkdir. Ukrayna son 5 il ərzində silah satışının həcmini hər il orta hesabla 8-10 faizədək artırır. Badrak vurğulamışdır ki, Ukrayna, əsasən, aviasiya mühərrikləri, gəmilər üçün qaz turbinləri, zirehli texnika və radiolokasiya sistemləri ixrac edir. Bundan əlavə, istifadədə olmuş texnikaya, habelə onun modernləşdirilməsinə və təmirinə dair bir sıra müqavilələr bağlanmışdır.
Ordunun Tədqiqi, Konversiya və Tərksilah Mərkəzi Ukrayna müdafiə-sənaye kompleksi müəssisələrində hazırlanmış təxminən 30 adda silaha və hərbi texnikaya ekspert qiyməti vermişdir. 3 perspektivli qrup - hədəfi yüksək dəqiqliklə vurma, əks-təsir və fövqəldəqiq silahdan müdafiə, habelə aşkarlama və kəşfiyyat (radiolokasiya) vasitələri qrupları seçilmişdir.
Mərkəzin tədqiqat layihələrinin rəhbəri Sergey Zqurets demişdir ki, bütün bu vasitələrə dünya bazarında böyük ehtiyac var və onlar NATO-nun tələblərinə cavab verir.