UKRAYNA PREZİDENTİ DÜNYA BİRLİYİNİ ÇERNOBIL QƏZASINI ÜMUMBƏŞƏRİ FACİƏ KİMİ QƏBUL ETMƏYƏ ÇAĞIRMIŞDIR
AZƏRTAC-ın Ukrinform agentliyinə istinadla verdiyi xəbərə görə, Ukrayna Prezidenti Leonid Kuçma Varşavada Avropa iqtisadi sammitində bununla əlaqədar demişdir ki, bu, təkcə bizim deyil, həm də bütün dünyanın faciəsidir.
Ukrayna Prezidenti belə bir sual vermişdir: “11 sentyabr hadisələri məhz ABŞ-da yox, başqa bir ölkədə baş versəydi, dünya birliyi bu problemə indi necə yanaşardı? Axı bu faciə ABŞ-ı terrorizmlə mübarizəyə başçılıq etməyə və bütün dünyanın diqqətini buna yönəltməyə vadar etmişdir”.
L.Kuçma demişdir: “Antiterror koalisiyasının iştirakçısı olmağımız bu problemi və bütün dünyada onunla mübarizə aparılmasının zəruriliyini başa düşdüyümüzü sübut edir. Biz ABŞ-ın faciəsini öz faciəmiz kimi qəbul etdik. Biz istəyirik ki, dünya birliyi bizim faciəmizi ümumi faciə kimi qəbul etsin, axı hələ də minlərlə adam və ilk növbədə, uşaqlar bundan əziyyət çəkirlər”.