DÜNYA
Ukrayna-Rusiya müharibəsi bölgədə nüvə təhlükəsizliyinin təmin olunmadığının sübutudur
![Ukrayna-Rusiya müharibəsi bölgədə nüvə təhlükəsizliyinin təmin olunmadığının sübutudur](/files/2023/1/1200x630/16777639143134033397_1200x630.jpg)
Bakı, 2 mart, AZƏRTAC
Ukrayna ilə Rusiya arasında başlayan müharibə bölgədə nüvə təhlükəsizliyinin təmin olunmadığının real sübutu oldu. Bu, çox kövrək, hətta təhlükəli vəziyyət yaradır. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) müəyyən layihələr çərçivəsində Ukraynaya daimi nümayəndə göndərib. Bir neçə ay əvvəl Ukraynada çirkli bombaların hazırlanması ilə bağlı iddialar səsləndirildi. Bu səbəbdən AEBA oraya getdi, araşdırma apardıqdan sonra bəyan etdi ki, bunlar doğru deyil və bu istiqamətdə bütün yanlışlıqları, şübhələri aradan qaldırdı.
Biz Ukraynada hər milliqram nüvənin belə hərbi məqsədlər üçün istifadə edilməməsinə çalışırıq və bu istiqamətdə yoxlamalar aparırıq.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edən AEBA-nın baş direktoru Rafael Qrossi deyib.
Onun sözlərinə görə, Ukraynada olduqca təhlükəli vəziyyət yaranıb: “Yaratdığımız nümayəndəlik bu bölgə üçün mühüm töhfədir, lakin bununla kifayətlənmirik. Mühafizə zonalarına ehtiyac olacaq. Müharibə səbəbindən radioloji fövqəladə hal və nüvə qəzası risklərinin mümkün qədər azaldılması üçün xüsusi mühafizə zonası yaradılmalıdır. Bu mühafizə zonasının yaradılmasına cəhd etmək üçün ruslarla və ukraynalılarla aylarla danışıqlar apardıq. Ümid edirik ki, tezliklə irəliləyiş əldə olunacaq”, - deyə R.Qrossi bildirib.