Ukrayna xarici işlər nazirinin müavini Azərbaycanda vətəndaş cəmiyyətinin rolunu yüksək qiymətləndirib
Bakı, 5 may, AZƏRTAC
Mayın 5-də Ukrayna xarici işlər nazirinin müavini Vasili Bodnar Azərbaycana səfəri çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olub. BAMF-dan AZƏRTAC-a bildiriblər ki, Fondun sədri Umud Mirzəyev görüşdə qurumun yaranması və fəaliyyəti, beynəlxalq əlaqələri, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkmiş rayonlarımızda uğurla həyata keçirdiyi layihələr barədə məlumat verib.
Vasili Bodnar Fondun humanitar layihələrlə bağlı təcrübəsi ilə maraqlanıb. O qeyd edib ki, Ukrayna da Azərbaycan kimi uzun sürən münaqişədən əziyyət çəkir. Bu ölkələr müharibənin mənfi nəticələri - qaçqın və məcburi köçkün problemi, minadan təmizlənmə zərurəti və ekoloji fəlakətlərlə üzləşməli olublar. Ukrayna ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş dost Azərbaycanın humanitar problemlərin həllində qazandığı təcrübədən faydalanır.
Umud Mirzəyev xəritədə Dağlıq Qarabağ münaqişəsinin miqyasını göstərib və işğal olunmuş ərazilərdə infrastruktur və mədəniyyət obyektlərinin məhv edilməsinə dair fotofaktları xarici işlər nazirinin müavininə təqdim edib.
Ukrayna xarici işlər nazirinin müavini BAMF-ın xüsusilə də müharibə zonasına yaxın ərazilərdə fəaliyyətinin böyük miqyasa malik olduğunu vurğulayıb. O, regiondakı digər QHT-lər arasında təşkilatın lider mövqe tutduğunu qeyd edib. Azərbaycanda vətəndaş cəmiyyətinin rolunu yüksək qiymətləndirən Vasili Bodnar Beynəlxalq Analitik və İnformasiya Portalının işi ilə də tanış olub.