Ukraynada azərbaycanlı rəssamın əsərləri sərgilənib
İvano-Frankovsk, 3 may, AZƏRTAC
Ukraynanın İvano-Frankovsk şəhərində “Karpatski Prostor” adlı beynəlxalq festival çərçivəsində azərbaycanlı rəssam Əsgər Cavadovun da əsərləri nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, İvano-Frankovsk vilayət və şəhər Administrasiyası rəhbərlərinin təşkilatçılığı ilə reallaşan sərgidə şəhər meri Ruslan Marçinkiv, beynəlxalq festivalın ideya müəllifi Boqdan Strutinskiy, Azərbaycan, Macarıstan, Bolqarıstan, Gürcüstan, Belarus, Latviya və digər ölkələrin səfirliklərinin təmsilçiləri, habelə ictimai xadimlər və media nümayəndələri iştirak ediblər.
İvano-Frankovsk Şəhər Administrasiyasının rəhbəri Ruslan Marçinkiv çıxış edərək bildirib ki, artıq dörd ildir ki, “Karpatski Prostor” adlı beynəlxalq festival keçirilir. Bildirilib ki, Ukraynada fəaliyyət göstərən xarici diplomatik nümayəndəliklər festivalda yaxından iştirak etmələri qürurvericidir.
Beynəlxalq festivalın ideya müəllifi Boqdan Strutinskiy isə deyib ki, bu cür festivallar dünya xalqlarını daha da yaxınlaşdırır. Onların mədəniyyəti təbliğ olunur.
Çıxışlarda sərgilənən əsərlər yüksək dəyərləndirilib, iştirakçılara uğurlar arzulanıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
İvano-Frankovsk