Ukraynada çalışan azərbaycanlı həkim: Hadrutda kölgəsində böyüdüyüm çinarı tapdım...
Kiyev, 9 oktyabr, AZƏRTAC
Onunla Hadrutun işğaldan azad olunmasının dördüncü ildönümündə, oktyabrın 9-da görüşməyim heç də təsadüfi deyildi. 1981-ci il martın 15-də Hadrutda anadan olmuş, uzun illərdir Ukraynada yaşayan həkim-cərrah Novruz Məmmədəliyevin ürəyi doğulub-böyüdüyü Hadrutla döyünür. Söhbət Hadrutdan düşən kimi müsahibimin gözləri doldu.
Soydaşımız Kiyev vilayətinin “Borispil Çoxşaxəli İntensiv Müalicə Xəstəxanası”nın Ümumi Cərrahiyyə şöbəsinin müdiridir. 2004-cü ildə Donetsk Tibb Universitetini bitirib. Ali kateqoriyalı həkim, tibb elmləri namizədidir. 14 patent, 16 elmi məqalənin müəllifidir. Ən yüksək ixtisas kateqoriyasına uyğun olaraq cərrahi müdaxilələrin tam spektrinə malikdir.
“Düz 4 il əvvəl oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsi işğaldan azad olundu. Ərgünəş dağı və onun ətəyində meşələrlə əhatə olunan Qozluçayın dərəsində yerləşən Hadrut 44 günlük Vətən müharibəsində əsas strateji məntəqələrdən biri hesab olunurdu. Həmin dövrdə hadisələri hər dəqiqə izləyirdim. Çətin təbii relyefi olan Hadrutu işğaldan azad etmək çox çətin idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və şanlı Ordumuzun şücaəti hesabına Hadrut azad olundu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”, - deyə Novruz Məmmədəliyev AZƏRTAC-a müsahibəsində bildirib.
Birinci sinfə Hadrutdakı orta məktəbə getdiyini deyən soydaşımız uşaqlıq xatirələrini bölüşüb: “Hadrutda böyük çinar ağacı var idi. Onun kölgəsində oturardıq. Hadrutdakı çayın şırıltısı bu gün də qulağımda səslənir. Buz kimi bulaqlarından su içərdik”.
Novruz Məmmədəliyev 1988-ci ilin yay aylarından başlayaraq erməni ekstremistlərinin Hadrutda təxribatlara başladığını qeyd edib. Bildirib ki, o dövrdən ermənilər onların yaşadığı evi daş-qalaq edirdilər. Buna baxmayaraq Hadrut işğal olunana qədər orada yaşayıblar.
Sonrakı illəri Ukrayna ilə bağlı olub. 1993-cü ildən Donetsk vilayətinə köçüblər və orada kök salıblar.
“Taleyimdə bir neçə dəfə qaçqınlıq həyatı yaşamaq var imiş... Ukrayna-Rusiya müharibəsi başlayandan sonra Kiyevə köçdük”, - deyə həkim-cərrah əlavə edib.
Novruz Məmmədəliyev Hadrut azad olunandan sonra doğulub-böyüdüyü yerə getdiyini deyərək hisslərini bölüşüb: “Yaşadığımız evi, kölgəsində böyüdüyüm çinar ağacını tapdım. Orada keçirdiyim hissləri sözlə ifadə etmək çox çətindir”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev