Ukraynanın Madriddəki səfirliyində partlayışın təfsilatı məlum olub
Madrid, 1 dekabr, AZƏRTAC
Xəbər verildiyi kimi, dünən Madrid vaxtı ilə saat 13:00 radələrində Ukraynanın İspaniyadakı səfirliyində partlayış baş verib.
Səfirlikdə yanğın başlaması barədə dərhal Krallığın milli polisinə məlumat verilib.
AZƏRTAC xəbər verir ki, içərisində kiçik ölçülü əldəqayırma partladıcı maddə olan zərf səfirlik əməkdaşının əlində partlayıb. Adətən poçtla göndərilən məktub Ukraynanın İspaniyadakı səfiri Sergey Poqoreltsevə ünvanlanmışdı, lakin bu məktub skanerdən keçirilməyib, səfirliyin bağında keşikçi tərəfindən açılıb və bu şəxs yüngül yaralanıb.
Antiterror protokoluna müvafiq qaydada fəaliyyətə başlamış milli polis faktları araşdırır. İlk növbədə səfirliyin bağının ətrafında təhlükəsizlik kordonu yaradılıb, hadisə yerinə kinoloqlar və partladıcı maddələrin zərərsizləşdirilməsi üzrə mütəxəssislər, habelə 10 nəfərə yaxın yanğınsöndürən gəlib.
Madrid icması hökumətinin nümayəndəsi Mersedes Qonsalesin sözlərinə görə, indiki şəraitdə Ukrayna və Rusiya səfirlikləri yüksək sayıqlıq vəziyyətindədir. İspaniya artıq xeyli müddətdir ki, antiterror hazırlığının dördüncü səviyyəsini tətbiq edib.
Lakin Ukrayna bu təhdidə çox ciddi münasibət bildirib və ölkənin Xarici İşlər Nazirliyi Ukraynanın bütün səfirliklərini “təhlükəsiz tədbirlərini təcili gücləndirməyə” çağırıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid