Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü Türkmənistanda da qeyd olunmuşdur
Bakı, 10 may (AZƏRTAC). Mayın 10-da Azərbaycanın Türkmənistandakı səfirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü, eləcə də 9 May - Qələbə Günü münasibətilə tədbir keçirmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Türkmənistanda yaşayan soydaşlarımız, ictimaiyyətin nümayəndələri, eləcə də bu ölkədə yaşayan Böyük Vətən müharibəsinin azərbaycanlı veteranları və onların ailə üzvləri iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları ulu öndərin həyat və fəaliyyətini əks etdirən materiallardan ibarət Heydər Əliyev guşəsi ilə tanış olmuşlar.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmış tədbirdə səfir Vəhdət Sultanzadə türk dünyasının dahi şəxsiyyəti, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, onun dünya siyasətində xüsusi yerindən, Azərbaycan xalqı qarşısında unudulmaz xidmətləri barədə ətraflı məlumat vermişdir.
Diplomat ümummilli lider Heydər Əliyevin hələ keçmiş SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi vaxt 15 ittifaq dövləti arasında respublikamızı qabaqcıl ölkələrdən birinə çevirdiyini, 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra doğma Vətənimizin əldə etdiyi uğurlardan danışmışdır.
Səfir ölkəmizdə dövlət quruculuğu sahəsində dahi şəxsiyyətin misilsiz xidmətləri və onun siyasi xəttinin etibarlı davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti barədə ətraflı məlumat vermişdir.
Tədbir iştirakçıları əsası dahi lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda uğurla fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan və digər iri iqtisadi layihələrin reallaşmasındakı müstəsna xidmətlərindən danışmışlar.
V.Sultanzadə Türkmənistanda yaşayan azərbaycanlı müharibə veteranlarının simasında bütün veteranları Qələbə Günü münasibətilə təbrik etmiş, onlara faşizmlə mübarizədə göstərdikləri rəşadətlərinə görə minnətdarlığını bildirmişdir.
O, respublikamızın ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulduğunu təəssüflə vurğulayaraq, ölkə rəhbərliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışdığını bildirmişdir. Diplomat son illərdə Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin müxtəlif sahələrdə sürətlə inkişaf etdiyini vurğulamışdır.
Azərbaycanlı veteranlar ölkəmizdəki sürətli inkişafın onlarda iftixar hissi doğurduğunu, Azərbaycan-Türkmənistan münasibətlərinin davamlı inkişafından məmnunluqlarını ifadə etmişlər. Veteranlar faşizm üzərində Qələbənin əsas səbəblərindən birinin Bakı nefti olduğunu qeyd etmişlər.
Səfirlik tərəfindən veteranlara gül dəstələri, müxtəlif hədiyyələr və mükafatlar təqdim edilmişdir.
Sonda Heydər Əliyev haqqında sənədli filmlər göstərilmişdir.