Ulu öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafında böyük xidmətləri var
Füzuli, 1 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyev daim səhiyyənin inkişafına diqqətlə yanaşıb, onun maddi-texniki bazasının möhkəmləndirilməsinin və kadr potensialının yaradılmasının qayğısına qalıb. Ulu Öndərin təşəbbüsü ilə səhiyyə sistemində aparılan islahatlar xidmətin keyfiyyətcə yaxşılaşmasına zəmin yaradıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Horadiz şəhərində keçirilən tədbirdə səsləndirilib. Rayonun səhiyyə işçiləri və ictimaiyyət nümayəndələri əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında dahi rəhbərin abidəsi önünə tər qərənfillər düzərək, əziz xatirəsini ehtiramla yad ediblər. Sonra tədbir iştirakçıları Muğam Mərkəzinin foyesində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən rəsm sərgisi və fotolarla tanış olublar.
Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov, Diaqnostika Mərkəzinin baş həkimi Cümşüd Məmmədov, rayon icra hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova və başqaları çıxış edərək, ümummilli lider Heydər Əliyevin zəngin və mənalı həyat yolundan, Azərbaycan səhiyyəsinin inkişafındakı əvəzsiz xidmətlərindən danışıblar.
Bildirilib ki, Ümummilli Liderin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən xalqımızın sağlamlığı və rifahı naminə həyata keçirilən tədbirlər uğurla davam etdirilir. Respublikanın bütün bölgələrində yeni tibb ocaqları inşa edilir, səhiyyə müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir. Son illərdə Füzuli rayonunda da səhiyyənin inkişafı istiqamətində xeyli iş görülüb. Rayonun Böyük Bəhmənli kəndində Diaqnostika Mərkəzi, Əhmədbəyli kəndində, 2 nömrəli Zobucuq və 8 nömrəli Qayıdış qəsəbələrində xəstəxanalar inşa olunaraq ən müasir tibbi avadanlıqla təmin edilib. Hazırda Bala Bəhmənli kəndində rayon mərkəzi xəstəxanası üçün yeni binanın tikintisi həyata keçirilir.
Çıxışlardan sonra iştirakçılar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxa baxıblar. Tədbir rayonun mədəniyyət və incəsənət ustalarının ifasında konsert proqramı ilə başa çatıb.