Ulu öndər Heydər Əliyevin doğum günü Misirdə qeyd olunmuşdur
Bakı, 10 may (AZƏRTAC). Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 88-ci ildönümü ilə əlaqədar Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyi Qahirə şəhərində mərasim keçirmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə bu ölkədə yaşayan və təhsil alan soydaşlarımız, yerli ictimai-siyasi xadimlər və elm adamları iştirak etmişlər.
Mərasimdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbir iştirakçılarına ulu öndər Heydər Əliyevin şanlı ömür yolu haqda ətraflı məlumat verilmiş, müasir Azərbaycanın çiçəklənməsi və uğurlu inkişafının onun adı ilə bağlı olduğu qeyd edilmişdir.
Türkiyə tarixində Mustafa Kamal Atatürkün, ABŞ tarixində Corc Vaşinqtonun, Böyük Britaniya tarixində Uinston Çörçillin, Misir tarixində Məhəmməd Əlinin, Cənubi Afrika Respublikasının tarixində Nelson Mandelanın xüsusi yer tutduğu kimi, müasir Azərbaycan tarixində də Heydər Əliyevin xüsusi rolu və çəkisi olduğu nəzərə çatdırılmışdır.
Mərasimdə Heydər Əliyevin Dövlət təhlükəsizlik orqanları, Azərbaycan SSR Mərkəzi Komitəsinin I katibi, SSRİ MK-nın Siyasi Bürosunun üzvü və SSRİ Baş nazirinin müavini və nəhayət müstəqil Azərbaycanın Prezidenti vəzifəsində çalışdığı müddətdə gördüyü misilsiz xidmətlərdən söhbət açılmış, onun dühası və irsinin Azərbaycan xalqının yaddaşında əbədi olaraq yaşayacağı bildirilmişdir.
Qonaqlara Azərbaycanın Əməkdar Artisti, Bakı və Qahirə konservatoriyalarının professoru Arzu Ələsgərovun ifasında klassik Azərbaycan musiqisi təqdim edilmişdir.
Mərasim çərçivəsində Heydər Əliyevin Qanatra şəhərindəki Azərbaycan-Misir Dostluq parkında yerləşən büstü ziyarət edilmişdir. Səfirlik əməkdaşları və Misirin Qəlyubiyyə vilayətinin rəhbərliyi abidənin önünə əklil və gül dəstələri qoyaraq, ulu öndərin əziz xatirəsini ehtiramla yad etmişlər.