ULYANOVSKDA 20 YANVAR FACİƏSİNİN İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ MİTİNQ KEÇİRİLMİŞDİR
Rusiya Federasiyasının Ulyanovsk şəhərində fəaliyyət göstərən “Nizami” Azərbaycan ictimai təşkilatı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdikləri qanlı qırğının ildönümü münasibətilə yerli hakimiyyət orqanları ilə razılaşdırılmış mitinq təşkil etmişlər.
Xalqımızın görkəmli oğlu Nəriman Nərimanovun abidəsi önündə keçirilmiş mitinqin iştirakçıları faciə qurbanlarının xatirəsini yad etmiş, vətənimizin azadlığı uğrunda mübarizəyə qalxmış xalqa qarşı törədilmiş cinayətin günahkarlarının insanlığa zidd əməllərini lənətləyərək, onların gec-tez layiqli cəzalarını alacaqlarını vurğulamışlar.
Mitinq iştirakçıları Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə müraciət qəbul etmişlər. Müraciətdə deyilir:
“Çox hörmətli Heydər Əlirza oğlu!
Azərbaycanın salnaməsində tarixi günlər çoxdur, lakin 1990-cı ilin 20 yanvarı bütün dünya azərbaycanlıları, eləcə də bütün dünya ictimaiyyəti üçün unudulmaz faciəvi gündür. Biz o günlərin faciəli hadisələrindən uzaqlaşdıqca, Vətənimizin Azadlıq naminə verdiyi qurbanlara görə ağrı-acı daha da kəskin və şiddətli olur. Tarixi saxtalaşdıranlar bütün vasitələrlə və haqsız-ədalətsiz yollarla Azərbaycan xalqının iradəsini qırmaq və ruhunu sarsıtmaq, onu alçaq niyyətlərə və maraqlara tabe etdirmək istəyirdilər ki, xalqımız Vətənimizin xəritəsinin qorbaçovsayağı dəyişdirilməsi ilə razılaşsın. Lakin onlar səhv etmiş və yanılmışdılar, ilk növbədə ona görə ki, respublikanın fərsiz-fərasətsiz və tamamilə simasız hökumətini Azərbaycan xalqına tay tuturdular. Xalq özü ölkəsinin ərazi bütövlüyünü qorumağı, müstəqilliyi və suverenliyi uğrunda mübarizə aparmağı qərara aldı. Əgər o vaxt Siz respublikanın rəhbəri olsaydınız, bu və dövlətçiliyin itirilməsinə doğru aparan sonrakı digər hadisələr heç vaxt baş verməzdi. Xalq başa düşdü və dərk etdi ki, Azərbaycanda ictimai-siyasi vəziyyəti sabitləşdirməyə, dövlətimizi dünya birliyində bərabərlər arasında bərabər etməyə məhz Siz qadirsiniz, Sizin olduqca böyük nüfuzunuz və siyasi təcrübəniz qadirdir. Həqiqətən də xalq yanılmadı: indi Azərbaycan intibah dövrünü yaşayır və Sizin adınız, nüfuzunuz, hörmətiniz sayəsində tarixi Vətənimiz gündən-günə daha böyük iqtisadi qüdrət və suverenlik əldə edir.
Yanvarın 20-də biz, bütün dünya azərbaycanlıları Vətənimizin azadlığı və müstəqilliyi uğrunda, onun suverenliyi və ərazi bütövlüyü uğrunda, tərəqqisi və birliyi uğrunda canlarından keçənlərin ruhu qarşısında baş əyirik. Bizə elə gəlir ki, qəhrəmanların həyatı bahasına əldə edilmiş dövlətçiliyimizin və azadlığımızın rəmzi - respublikamızın həmişə və bütün zəmanələrdə qürurla dalğalanacaq bayrağı onlar üçün ən yaxşı xatirə olacaqdır.
Onlara əbədi eşq olsun və əziz xatirələri daim yaşasın! Bu gün biz hamımız şəhidlərimizi hüznlə anırıq və Sizinlə, bütün Azərbaycan xalqı ilə birlikdə onların doğmalarına və yaxınlarına, dostlarına və yoldaşlarına ürəkdən başsağlığı veririk.
Cənab Prezident! Bu matəm günündə biz, Ulyanovsk vilayətində yaşayan 35 min azərbaycanlı, Sizin, xalqımızın yanındayıq və Vətənin ən yaxşı oğul və qızlarının xatirəsi qarşısında bir daha və dönə-dönə baş əyirik!
Allah rəhmət eləsin!
Ulyanovsk vilayətinin bütün azərbaycanlıları adından
Şakir Göyüşov
Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti,
Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü,
“Nizami” Azərbaycan ictimai təşkilatının prezidenti