ULYANOVSKDA HEYDƏR ƏLİYEVƏ ABİDƏ UCALDILACAQDIR
AZƏRTAC Rusiya mənbələrinə istinadla xəbər verir ki, yaxın vaxtlarda Ulyanovskda Sovet İttifaqının və Azərbaycanın görkəmli siyasi xadimi Heydər Əliyevin abidəsinin təntənəli açılış mərasimi olacaqdır. Bu, Ulyanovsk sakinlərinin bütün ömrü boyu onlara böyük rəğbət və səmimiyyətlə yanaşmış, çətin dövrlərdə onlara əlindən gələn köməyi etmiş böyük şəxsiyyətə ehtiram və minnətdarlıq əlamətidir.
“Aleksandr Suvorov” teploxodunun qəzaya uğradığı faciəli günlərdə də belə olmuşdu. Həmin hadisənin baş verdiyi gündən 25 il keçir. O vaxt qəzanın səbəbini araşdıran Dövlət Komissiyasına rəhbərlik edən Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ hökuməti sədrinin birinci müavini, əslində baş nazir vəzifəsini icra edən Heydər Əliyev coxlu insan tələfatı ilə nəticələnmiş dəhşətli faciə günlərində Ulyanovsk sakinlərini sıx birləşdirməyə, vilayət və şəhər rəhbərliyini, inzabati aparatı şokdan çıxarmağa, Ulyanovskda asayişin bərpa edilməsi üçün ən təcili və zəruri tədbirlər görməyə müvəffəq olmuşdu.
Ulyanovsk sakinləri hələ də o günləri unutmur, Heydər Əliyevə minnətdarlıq hisslərini qəlblərində yaşadırlar. Buna görə də Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk Regional Bölməsinin sədri İslam Hüseynov Heydər Əliyevin abidəsinin ucaldılması və onun xatirəsinə bağ salınması təşəbbüsü ilə çıxış edəndə şəhər sakinləri, Ulyanovsk vilayətinin qubernatoru və vilayət hökumətinin sədri S.İ.Morozov, Ulyanovsk şəhərinin meri S.N.Yermakov, Zasviyajski rayonunun rəhbəri S.S.Pançin, KPD-1 müəssisəsinin baş direktoru Vladimir Juravlyov bu təşəbbüsü ürəkdən dəstəklədilər, layihənin həyata keçirilməsi üçün lazım olan hər cür kömək göstərdilər.
Layihəni istedadlı rusiyalı heykəltəraş Sergey Bobrakov həyata keçirmişdir. Onun ən məşhur işlərindən biri - Moskvada Yuri Qaqarinin abidəsidir. Layihə ilə bağlı bütün işlər Ulyanovsk torpağında H.Ə.Əliyevin xatirəsinin əbədiləşdirilməsi ideyasının müəllifi İslam Hüseynovun vəsaiti hesabına görülmüşdür.
Mütəxəssislərin fikrincə, Heydər Əliyevin abidəsinin ucaldıldığı və onun adını daşıyan bağ Ulyanovsk şəhərinin Zasviyajski rayonunun ən görməli yerlərindən birinə çevriləcəkdir. Qeyd etmək lazımdır ki, bu abidə Sovet İttifaqının və Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyası ərazisində ucaldılmış ilk heykəlidir. İslam Hüseynov demişdir: “Əminəm ki, bu abidənin ucaldılması şəhərimizin həyatında əlamətdar hadisə və onun bəzəyi olmaqla yanaşı, həm də bizim region ilə Azərbaycan arasında mədəni, siyasi, iqtisadi və başqa sahələrdə əlaqələrin inkişafına kömək edəcəkdir”.