ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏ-MUZEY KOMPLEKSİ İLƏ TANIŞLIQ
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də Gəncə beynəlxalq hava limanının tikintisi ilə tanışlıqdan sonra şəhərə yola düşdü. Dövlətimizin başçısını qarşılamaq üçün küçələrə çıxan on minlərlə gəncəli Prezidenti hərarətlə salamlayır, öz hörmət və ehtiramlarını alqışlarla ifadə edirdi.
Prezident İlham Əliyev əvvəlcə şəhərin mərkəzi meydanına gəldi. O, burada tanınmış heykəltəraş Şərif Şərifovun layihəsi ilə ümummilli liderimiz Heydər Əliyevə ucaldılmış abidəni ziyarət edərək, gül dəstəsi qoydu.
Dövlətimizin başçısına mərkəzi meydanın yenidən qurulması, ulu öndərin xatirəsinə yaradılan abidə-muzey kompleksinin tamamlanması üçün görülən işlər barədə məlumat verildi. Azərbaycan Prezident İlham Əliyev burada yaradılan səliqə-sahmanı, abadlıq işlərini yüksək qiymətləndirdi və gəncəlilərin istirahəti üçün çox gözəl şərait yaradıldığını bildirdi.
Dövlətimizin başçısı sonra Heydər Əliyev xatirə muzeyinə gəldi. Muzeyin qarşısında səmimi söhbət zamanı akademik Siddiqə Məmmədova şəhər ziyalılarının ürək sözlərini ifadə edərək, Prezident İlham Əliyevi yenidən Gəncədə görməkdən fəxr etdiklərini bildirdi, ona cansağlığı, uğurlu fəaliyyətində daha böyük nailiyyətlər arzuladı.
Sonra Prezident İlham Əliyev muzeylə yaxından tanış oldu. Burada ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin bütün dövrlərini, o cümlədən müstəqil Azərbaycanın Prezidenti kimi xarici ölkələrə səfərlərini, nüfuzlu dövlət xadimləri ilə görüşlərini əks etdirən fotoşəkillər, ulu öndərə həsr olunmuş kitablar toplanmışdır. Muzeydə qoyulmuş kompüter vasitəsilə Heydər Əliyevin bütün həyatı barədə internet saytından məlumat almaq mümkündür. Sonda Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözünü yazdı:
“Cənab Heydər Əliyev muzeyinin ekspozisiyası ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirir. Müasir Azərbaycanın qurucusu Heydər Əliyev Gəncəyə və gəncəlilərə həmişə böyük qayğı və diqqət göstərirdi. Bütün başqa sahələrdə olduğu kimi, bu işdə də Heydər Əliyevin siyasəti davam etdirilir. Gəncəyə və gəncəlilərə mənim xüsusi hörmətim vardır. Çox sevinirəm ki, öz tarixi simasını saxlayaraq, Gəncə yeniləşir, abadlaşır, gözəlləşir. Əminəm ki, bundan sonra da Gəncə sürətlə inkişaf edəcək. Burada yaşayan insanlar sülh, əmin-amanlıq, sabitlik şəraitində yaşayacaqlar. Gəncəlilərə öz dərin hörmətimi və məhəbbətimi ifadə edirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Gəncə, 11.10. 2005-ci il”.
Muzeylə tanışlıqdan sonra meydana toplaşan insanlarla səmimi görüşən Prezident İlham Əliyev onların qayğı və problemləri ilə maraqlandı. Sakinlər ulu öndərin siyasi xəttinin layiqli davamçısının Gəncəyə tez-tez gəlməsini yüksək qiymətləndirdilər, şəhərin inkişafına göstərdiyi diqqətə görə təşəkkürlərini bildirdilər.
Prezident İlham Əliyev şəhər sakinlərinə müraciətlə dedi: Yenidən Gəncəyə gəlmişəm. Görürəm ərizə, məktublar verirlər. İndi bunlar yığılır və hamısına baxılacaqdır. Siz narahat olmayın, mənə daxil olan məktublara reaksiya verilir, çalışırıq kömək edək ki, sizin problemləriniz aradan qaldırılsın. Mənim də bölgələrə səfərlərimin əsas məqsədi odur ki, yerlərdə abadlıq, quruculuq işləri daha da yaxşı getsin, ərizə və şikayətlərə baxılsın. Əgər kiminsə problemi varsa, narahat edən məsələ varsa, onlar həll olunmalıdır. Ona görə bütün ərizələrə, şikayətlərə baxılacaq və lazımi tədbirlər görüləcəkdir. Mən sizi bir daha salamlayıram, təbrik edirəm ki, şəhəriniz, bizim qədim Gəncəmiz günü-gündən gözəlləşir, abadlaşır, yeni müəssisələr yaranır, binalar tikilir, parklar salınır.
X X X
Sonra Gəncə regional müalicə-diaqnostika mərkəzi təməlinin qoyulması mərasiminə gedən Prezident İlham Əliyev yolüstü bir neçə yerdə dayanaraq sakinlərlə görüşüb söhbət etdi, onların problemləri ilə maraqlandı. Sakinlər dövlətimizin başçısına təşəkkür edərək, ona həmişə arxa-dayaq olacaqlarını vurğuladılar, Gəncənin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.