Ümummilli lider Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti tariximizdə mühüm yer tutur
Bakı, 10 iyul (AZƏRTAC). İyulun 10-da Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunda Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişi münasibətilə tədbir keçirilmişdir.
YAP Nizami rayon təşkilatından AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
“Baytarlıq təbabəti” ərazi ilk partiya təşkilatının sədri Səhman Bayramov ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində mühüm yer tutduğunu və müasir müstəqil dövlətimizin siyasi-iqtisadi, mədəni həyatının inkişafının əsasını qoyduğunu vurğulamışdır. S.Bayramov bildirmişdir ki, Azərbaycanın müasir tarixinin - 1960-cı illərin sonlarından XXI əsrin əvvəlinədək olan dövrü Ümummilli Liderin adı ilə bağlıdır. Bu illər ərzində Ulu Öndər xalqı ilə birgə tarixin ağır sınaqlarını keçərək, müstəqil Azərbaycan dövlətini yaradaraq onun parlaq gələcəyinin əsasını qoymuşdur.
YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov qeyd etmişdir ki, müasir Azərbaycan dövlətinin banisi və qurucusu ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti tariximizdə mühüm yer tutur.
“Baytarlıq təbabəti” ərazi ilk partiya təşkilatının sədr müavini Nahidə Rzayeva, gənc partiya fəalı Rauf İsmayılov və digərləri bütün həyat və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli Liderin mənalı ömür yolundan, Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən bəhs etmiş, onun əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirmişlər.
Qeyd olunmuşdur ki, Heydər Əliyevin tariximizdə oynadığı rol illər keçdikcə daha dərindən dərk edilir, əsl qiymətini alır.
Çıxışlarda Ulu Öndərin əsasını qoyduğu uğurlu sosial-iqtisadi siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizin beynəlxalq nüfuzunun daha da artdığı, sosial-iqtisadi sahədə, regionların inkişafında böyük irəliləyişlərə nail olunduğu vurğulanmışdır.
Tədbirin sonunda partiyaya daxil olan yeni üzvlərə vəsiqələr və YAP Nizami rayon təşkilatının nəzdində fəaliyyət göstərən Heydər Əliyev Məktəbinin gənc məzunlarına sertifikatlar təqdim olunmuşdur.