UNEC əməkdaşlarının Türkiyə universitetlərinin kitabxanalarında təcrübə mübadiləsi davam edir
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları Türkiyənin Boğaziçi və Koç universitetlərinin kitabxanalarında təcrübə mübadiləsini davam etdirirlər.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Boğaziçi Universitetinin kitabxanasının direktoru Zeynep Metinlə görüşdə nümayəndə heyəti kitabxananın fəaliyyəti ilə tanış olub. Qarşılıqlı əməkdaşlıq çərçivəsində Boğaziçi Universitetində istifadə edilən “Sierra” avtomatlaşdırılmış kataloqlaşdırma sistemi, kitabxananın elektron multimedia və audiovizual resursları, onlayn xidmətləri, yerli və beynəlxalq universitet kitabxanaları ilə elektron kitabxanalararası resurs mübadiləsi, beynəlxalq əməkdaşlıq, 24/7 rejimli kitabxana xidməti və digər layihələr barədə UNEC əməkdaşlarına məlumat verilib.
Koç Universitetinin Suna Kıraç kitabxanasının direktoru Tuba Akbaytürk rəhbərlik etdiyi kitabxana barədə məlumat verib. O, UNEC-in əməkdaşlarını kitabxananın innovativ iş üsulları, yeni xidmət növləri, elektron kolleksiyalar, yerli və xarici verilənlər bazası, beynəlxalq layihələr, kitabxananın unikal əlyazma və nadir nüsxələr fondu ilə tanış edib. Görüşdə hər iki universitet arasında gələcək əməkdaşlıq istiqamətlərində müzakirələr aparılıb.
Təcrübəsi öyrənilən kitabxanalardan digəri isə Süleymaniyyə Kitabxanası olub. Burada UNEC nümayəndə heyəti unikal əlyazma əsərlərinin rəqəmsallaşdırılması, kataloqlaşdırılması, xüsusi saxlanılma qaydası və rejimi, eyni zamanda, onlardan istifadə imkanlarının şərtləri və tənzimlənməsi üsulları ilə tanış olub. Kitabxanada görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin və Məhəmməd Füzulinin əsərlərinin nadir nüsxələri də saxlanılır.